AQTA balıq satışı bazarına nəzarət edə bilirmi?
Sentyabr ayından balıq ovu və satışı başlayıb. Balıq alarkən nələrə diqqət yetirmək lazımdır? Təhlükələr nələrdir? Balıq satışı ilə bağlı kefiyyət, təhlükəsizlik və gigiyena baxımından nəzarət işləri görülürmü?
Valyuta.az xəbər verir ki, Modern.az-ın əməkdaşı mövzu ilə bağlı Azərbaycan Qİda Təhlükəsizliyi Agentiyi (AQTA) ilə əlaqə saxlayıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, saxlanma temperaturuna və gigiyenik tələblərə riayət edilmədikdə balıq və balıq məhsulları yoluxucu mikroorqanizmlərin və zəhərlənmələrin mənbəyi ola bilər:
"Həmçinin balıq bir çox parazit törədicilərinin daşıyıcısıdır. Çiy və ya kifayət qədər emal edilməmiş balıq və balıq məhsullarını istifadə etdikdə orqanizm parazit qurdların sürfələri ilə yoluxur. Qeyd edək ki, balıq ətində müxtəlif xəstəliklərə səbəb ola biləcək 20 parazit növü (yastı, lentvari və yumru qurdlar) vardır. Bu parazitlər həm insan üçün təhlükəlidir, həm də balığın fiziki-kimyəvi xassələrini dəyişir. Bunların arasında yastı qurdlar orqanizm üçün daha ciddi təhlükə mənbəyi sayılır. Yastı qurdlar qaraciyər və öd yollarında parazitlik edir. Lentvari qurdlar isə bağırsaqda inkişaf edir. Ürəkbulanması, başgicəllənməsi, zəiflik və qanazlığı kimi hallara səbəb olur.
Balığın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün emalı zamanı müəyyən texnoloji qaydalara ciddi əməl olunmalıdır. Belə ki, balıqdan yemək hazırlayarkən dad və faydalı keyfiyyətlərini qorumaq üçün düzgün bişirilməsi şərtdir. Balıq 20 dəqiqə qaynadılmalı və ya qızardılmalıdır. Unutmayın ki, çiy və ya kifayət qədər bişməmiş balıq əti ilə parazitlərin səbəb ola biləcəyi bir çox xəstəliklər yaranır. Parazitlər aşağı temperaturda da yaşama qabiliyyətinə malik olduğundan dondurulmuş balıqdan belə yoluxma baş verə bilər. Parazitlərlə yoluxmuş balığı yalnız qaynatdıqdan sonra və ya müvafiq baytarlıq-sanitariya ekspertizasının rəyi olduğu təqdirdə pişik, it və ya zooparkdakı vəhşi heyvanlara qida məhsulu kimi vermək olar. Duza qoyularkən də texniki tələblərə əməl olunması vacibdir", - AQTA-dan qeyd edilib.
Bildirilib ki, Agentlik tərəfindən mütəmadi olaraq, ölkə ərazisində fəaliyyət göstərən bazarlarda, eyni zamanda digər satış mərkəzlərində satışı həyata keçirilən balıq məhsullarının saxlanma şəraitinə və baytarlıq sənədləri ilə müşayiət olunmasına nəzarət həyata keçirilir:
"Uyğunsuzluq aşkar edildiyi təqdirdə, məhsulun satışının məhdudlaşdırılmasına dair müvafiq qərarlar qəbul edilir. Qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003-Çağrı Mərkəzi”nə məlumat verilə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay