Maddi vəziyyəti pis olan işçini işdən çıxarmaq olar?
Bəzən şirkət rəhbərləri maddi vəziyyəti yaxşı olmayan əməkdaşları işdən çıxaran zaman tərəddüd edir. Ətrafda da bu cür insanların işdən çıxarılmasını xoş qaşılamayan insanlar az deyil. Həmin şəxs yaxşı işləməsə belə, onun maddi durumunun pis olmasından dolayı insanlar “İşdən çıxsa, nə edəcək”, “Maddi vəziyyəti pisdir, bir az da işləsin” və s. kimi ifadələr işlədirlər.
Ümumiyyətlə, işdən çıxarılacaq işçi ilə bağlı hansı nüanslara fikir verilməlidir? O insanın maddi vəziyyəti, ailəvi problemləri, iş tapa bilməsi və s. kimi məsələlərə diqqət verilməlidir, yoxsa sadəcə işçinin gördüyü işin keyfiyyətinə, şirkətə qatdığı dəyərə baxılmalıdır?
Valyuta.az-a danışan idarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir deyir ki, bir şirkətin mövcudluğunun məqsədi pul qazanmaqdır. İşçiləri iş ilə təmin etməyin məqsədi o işçilərin gördükləri işin üzərindən pul qazanmaq və işçilərə əmək haqqlarını ödəmək, onlara daha rahat həyat qurmaları üçün dəstək olmaqdır:
“Düzdür, bu fikirlərlə tez-tez rastlaşırıq. “Kirayədə qalır”, “İki uşaq saxlayır”, “Maddi vəziyyəti pisdir” və s. kimi ifadələri eşidirik. Amma iş həyatında bunun bir qarşılığı yoxdur. Əgər bir şəxsin maddiyatı pisdirsə və bu işə ehtiyacı varsa, o işə dörd əl ilə sarılmalı, maksimum diqqət göstərməli, işə hamıdan daha çox can yandırmalıdır ki, işdə qalsın, pul qazanmağa davam etsin, gəliri artsın”.
Təlimçinin sözlərinə görə, sahibkarlar və təsisçilər xeyriyyə, dövlət qurumları deyil ki, ehtiyacı olan insanlara daima kömək etsin:
“Maddi vəziyyəti pis olan işçinin performansı aşağıdırsa, işi yerinə yetirə bilmirsə, şirkətin qaydalarına uyğun münasibət göstərmirsə, onu işdən çıxarmaq lazımdır. Bu onun maddi vəziyyəti ilə əlaqəli deyil, gördüyü iş ilə bağlı olmalıdır. Biznes, iş həyatının ruhu bunu tələb edir. İşini yerinə yetirə bilməyən işçinin vəziyyəti pisdir deyə işdən çıxarmazsanız, bu zaman işləyən, şirkətə dəyər qatan insanlara haqsızlıq etmiş olarsınız.
Əgər sahibkar işçinin üstündə işləyir, amma həmin şəxs düzəlməyə çalışmırsa və şirkət ondan fayda görmürsə, bu işçi ilə yolları ayırmaq iş həyatının ən təməl qanunudur. İş həyatında duyğusallığa, emosionallığa ehtiyac yoxdur. Ümumiyyətlə, bir işçinin işdən çıxarılması lazımdırsa, onun performansına, gördüyü işə, komanda yoldaşları ilə münasibətlərə, şirkətə qatdığı dəyərlər nəzərə alınmalıdır. Bir işçinin işə götürülməsində və ya çıxarılmasında onun maddi vəziyyəti kriteriya olmamalıdır”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay