Bostanda 20, marketlərdə 60 qəpiyə olan qarpız – Marketlər niyə baha satır?
Bostanlarda qarpızın qiyməti 20-25 qəpiyə təklif olunur. 20 qəpiyə alınan məhsul marketlərdə 50-60 qəpiyə satılır. Küçə ticarəti ilə məşğul olan şəxslər isə marketlərdən daha ucuz satırlar. Maya dəyəri 20-25 qəpik olan qarpızın marketlərdə 2 qat qiymətə bəzən isə daha baha satılması nə ilə bağlıdır? Bu qiymətlərin baha olması onların satış qabiliyyətinə təsir edirmi?
Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyir ki, marketlərdə qiymətin baha olmasının bir neçə səbəbi var:
“Marketlər məhsulu birbaşa olaraq bostanlardan deyil, tədarük məntəqələrindən alırlar. Vaxt keçdikcə qarpızın qiyməti ucuzlaşır. Marketlər isə məhsulu tədarük məntəqələrindən aldıqları üçün ola bilər ki, həmin məhsul ucuzlaşmazdan əvvəl alınsın. Bu zaman da qiymət fərqi yaranmış olur.
Marketlər ilə bazar arasında vergi ilə bağlı müxtəlif fərqlər olur. Marketlər vergidən yayına bilmirlər. Marketlərin aylıq xərci bazarların xərcindən daha çoxdur. Marketin işçilik xərci bazardan çoxdur. Marketin verdiyi komfortu küçə ticarəti vermir. Günün 24 saatı marketlərdən istənilən məhsulu almaq olar. Amma küçə ticarətində bu mümkün deyil. Market bu nüanslara görə də, əlavə mənfəət norması qoyurlar”.
Ekspert bildirdi ki, marketlər yuxarı qiymət təyin edirsə, alıcılıq qabiliyyəti aşağı düşür:
“Qiymətə həssas və həssas olmayan təbəqə var. Məsələn, bir nəfər axşam işdən çıxıb evə gedəndə qarpız almaq istəyir. Market ona komfort təqdim edir. Həmin şəxs 5-6 kiloqram qarpız almaq üçün bazara getməyə vaxtı yoxdur, ona görə də əlavə bir manat verməyə də razı olur ki, həmin qarpızı alsın. Həm də marketlərdə ödəniş sistemi də rahatdır. Müştərilər nağdsız formada ödənişlərini edə bilirlər. Market dəyər təqdim etdiyi üçün qiyməti nisbətən baha təyin edə bilir. Amma qiymətə həssas olan təbəqə var ki, onun üçün 15-20 qəpik əhəmiyyətlidir və vaxtı da var. Buna görə də, həmin şəxs gedib bazardan, küçə ticarəti ilə məşğul olanlardan ala bilir. Buna görə də, bazar da, market də, yol qırağında qarpız satanlar olmalıdır. Vətəndaşlar da öz büdcələrinə uyğun seçimlərini etməlidirlər”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay