Rəhbər öz komandasına, işçisi kimi deyil, öncə insan kimi yanaşmalıdır - Mütəxəssis
Bir çox idarələrdə rəhbər şəxslərlə işçilər arasında səmimiyyət əsasında münasibətlər qurulsa da, bəzi idarələr var ki, orada olan idarəçilik ciddi rejimdə olur.
Burada şirkətin müəyyən etdiyi etik-kodekslər də gözlənilir. Ümumiyyətlə, şirkətdə işçilərlə rəhbərin münasibəti hansı formada olmalıdır? Şirkət daxili ünsiyyət qaydaları necə tənzimlənməlidir?
Bu barədə Valyuta.az-a açıqlama verən İnsan resursları meneceri, şəxsi inkişaf kouçu Aytən Şıxaliyeva bildirib ki, arzuolunan iş mühitinin formalaşması üçün rəhbərlə işçi arasındakı münasibətlər səmimi olmalıdır. Rəhbər öz komandasına, işçisi kimi deyil, öncə insan kimi yanaşmalıdır:
“Şirkətdə korporativ dəyərlərin və subordinasiya qaydalarının olması münasibətləri balansda saxlamaq üçün olduqca önəmlidir. Yəni, rəhbərlə işçi arasında səmimiyyət həddən çox olan zaman, bu, əksər hallarda işin gedişatına mənfi təsir göstərəcək. Bəzən çox səmimiyyət qədər çox rəsmiyyət də zərərlidir. Çünki rəhbər hər zaman işçiyə açıq olmalıdır. Onu qorxuyla idarə etmək əvəzinə, işçisini dinləməli, ünsiyyətdə xüsusi yanaşmaya sahib olmalıdır. Bu da o deməkdir ki, rəhbər şəxsi və peşəkar inkişaf üçün zəmin yaratmalıdır”.
Mütəxəssis deyir ki, işçilər problemlərini və təkliflərini rəhbərə deməkdən çəkinməməlidir:
“Rəhbər işçilərə motivasiya verdiyi zaman da, tənqid edərkən də hər bir fərdə özünə uyğun yanaşmağı bacarmalıdır. Balans qorunduqca hörmət və güvən dəyərləri komandada sağlam mühit formalaşmasını təmin edəcək. Korporativ sağlam mühitin olması, dəyərlərin mövcudluğu, müvafiq subordinasiyanın gözlənilməsi halında yaranan iş mühitində rəhbər və işçilər komanda ruhu ilə daha effektiv çalışa biləcək və olduqca məhsuldar olacaqlar”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay