Oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə təsir edir?
Bəzi insanlar kitaba xərclədiyi pulu əlavə xərc kimi hesab etsələr də, kitaba mütəmadi olaraq pul ayıran adamlar da az deyil. İnsanlar kitab oxuyaraq özlərini təkmilləşdirir, işlərində, həyatlarında, karyeralarında daha yaxşı yerlərə gəlməyə çalışırlar. Bəs maraqlıdır, bizim oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə necə təsir edir?
Bu barədə Valyuta.az-a danışan kitab bloqçusu, "LIBRAFF" kitab mağazalarının PR mütəxəssisi Sərxan Rüstəmov deyir ki, aldığımız kitaba xərc kimi yox, sərmayə, gələcəyə yatırım kimi baxmalıyıq:
“Biz qida, geyim və s. alırıq və bunlar müvəqqətidir. Həmin gün bizi doyurur, əynimizi isti saxlayır və s. Kitabın həmin anda faydasını görmək olmur, amma uzun müddətli dövrdə çox yaxşı fayda verir. Bu, gələcəyə yatırım, sərmayə qoyuluşudur. Biz kitabı əsasən, tələbəlik, gənclik illərində, karyeramızın başlanğıcında alırıq. Bunun da gələcəkdə mütləq faydasını görürük. Bu, şəxsi həyata, dostlarla münasibətə və birbaşa olaraq aylıq gəlirimizə təsir edir. Bir növ döngü var ki türklər buna “kısır döngü” deyirlər, biz onu qırmağa çalışmalıyıq. "Maaşım azdır, kitab alıb, oxuya bilmirəm" düşüncəsini qıra bilsək, insanlar davamlı olaraq kitab oxuya və karyerasını daha yaxşı formada inkişaf etdirə bilər”.
S.Rüstəmov onu da qeyd edir ki, kitabı yalnız pul qazanmaq üçün oxumaq da düzgün yanaşma deyil:
“İnsanın mənəvi tərəflərini inkişaf etdirmək, həyatdakı çətinliklərə daha yaxşı sinə gərə bilmək üçün kitab oxumaq ən yaxşı vasitələrdən biridir. Bu, bizə əlavə xərc kimi gəlsə də, əslində bu, gələcəyə olunmuş çox yaxşı yatırımdır. Kitaba xərclədiyimiz pulu inkişafımıza qoyduğumuz büdcə kimi yanaşsaq, bu, bizim üçün daha yaxşı olar”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay