Marketlərdə ucuz satılan, endirimə qoyulan məhsullar keyfiyyətsizdir?
Marketlərdə fərqli qiymətlərdə məhsullarla qarşılaşırıq. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, ən bahalı məhsul ən yaxşıdır, ən ucuz isə ən keyfiyyətsizdir. İnsanlar, əsasən, qənaət üçün ən ucuzu almağa çalışırlar. Ümumiyyətlə, mağazalardakı ucuz məhsulları keyfiyyətsiz hesab etmək düzgündürmü?
Bu barədə Valyuta.az-a danışan qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, qiymət bir çox hallarda keyfiyyət göstəricisi olsa da, qida məhsullarında bu göstərici özünü hər zaman doğrultmur:
“Çünki, bir çox məhsullarda brend, marka olduğu üçün daha yüksək qiymət təyin edilir. Buna görə də, qiymət keyfiyyətin göstəricisi deyil. Amma bir məqamı da deyim. Əgər, hər hansı qida məhsulunun standart qiymətdən daha ucuz olanı varsa, birmənalı olaraq keyfiyyətsiz olduğunu göstərir. Məsələn, deyək ki, mal ətinin kiloqramı 14 manatdır, amma 10 manata satır. Bu artıq sual yaradır. Yaxud kərə yağının kiloqramı 20 manatadırsa, kimsə 10 manata satırsa, burda keyfiyyətdən söhbət gedə bilməz. Çünki, heç bir istehsalçı xammalı dəyərindən aşağı qiymətə satmaz. Paketlənmiş məhsullarda isə yerli istehsalımız həmin məhsulun xaricdən gələnindən daha ucuz ola bilər. Bunun keyfiyyətini bilmək üçün, bütün paketlənmiş məhsullarda etiket qaydalarının olub-olmadığına baxılmalıdır. Məhsulun üzərində istehsalçı şirkət haqqında məlumat, müəssisənin ünvanı, yeri, qaynar xətti, məhsulun tərkibi, qida dəyəri, saxlama şəraiti və s. nüanslar qeyd olunmalıdır. Məsələn, yağ məhsulunun tərkibinə baxan zaman 70-80 faizinin təmiz məhsul, 20-30 faizinin qatqılardan ibarət olduğunu görsək, bu məhsul keyfiyyətli hesab olunur”.
Mütəxəssis onu da vurğulayıb ki, keyfiyyətli məhsul almaq üçün mütləq vaxt sərf edib onun mənşəyinə, satış yerinə, satış müəssisəsinə diqqət etməli və xoşagəlməz hallar verdiyi hallarda əlaqə nömrəsinin olmasına diqqət yetirmək lazımdır. Bir çox məhsullar var ki, bunlar keyfiyyətli olsa da, saxlama şəraiti düzgün olmadığı üçün tərkibi pozula və keyfiyyətsiz məhsul ola bilər.
“Başqa ölkələrdən gətirilən meyvə-tərəvəz, ölkəmizdə yetişən məhsulla müqayisədə daha baha olur. Amma bu o demək deyil ki, yerli məhsul keyfiyyətsizdir. Əksinə, yerli məhsul daha keyfiyyətlidir. Çünki, xarici məhsulları ölkəyə gətirmək üçün müəyyən dərmanlardan istifadə oluna və gəldiyi müddətdə keyfiyyətini itirə bilər” - o, əlavə edib.
Endirimlə satılan məhsulların keyfiyyətinə gəlincə, M.Hüseynova bildirdi: “Endirimdə olan məhsulu alan zaman da diqqətli olmaq lazımdır. Əgər brend bir marka hansısa bayram ilə əlaqədar bayram dizaynlı yeni məhsul istehsal edibsə, bu məhsulu bayramdan sonra endirimlə sata bilər. İstehsalçı məhsulu keyfiyyətli istehsal edibsə, bu onun heç də keyfiyyətsiz olduğu mənasına gəlmir. Amma bir çox hallarda kampaniyada olan məhsullarda son istifadə müddətinə çox az qalmış, bəzi hallarda istifadə müddəti bitmiş və ya dəyişdirilmiş məhsulların satıldığının şahidi oluruq. Bu məhsullar təhlükəli məhsullar sırasındadır və bunlara çox diqqət etmək lazımdır”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay