İsrafçılıqla dolu toylarımız - Bunun qarşısını necə alaq?
"Toylarda qida rasionu nəzərə alınmaqla menyu tərtib olunmalıdır. Qonşu ölkələrə baxsaq, görərik ki, orda da toy mədəniyyəti var, ancaq israfçılığa çox yol verilmir".
Bu sözləri Valyuta.az-a qida məsələləri üzrə ekspert Ağa Salamov "toylarda qidalanma necə olmalıdır" sualına cavab verərkən deyib.
Ağa Salamov toy və yemək mədəniyyətimizin yoxa çıxmasının tərəfdarı deyil:
"Əksinə, bunun əleyhinəyik. Toylarımızda milli mətbəximiz nümayiş olunmalıdır. Çünki bunların hamısı bizim mədəni irsimizdir. Bunu həm dünyada keçirilən festivallarda, həm də toylarımızda nümayiş etdirməliyik. Ancaq bir nüans var. Bir var insanın yeyə biləcəyi qədər təqdim olunan toy süfrəsi, bir də var insanın yeyib, evdə gedib infarkt olacağı qədər tərtib olunan menyu. Ən yaxşı halda israfçılığa gedəcək, ən pis halda isə bu qədər çox yemək yeyən insan sağlamlıq problemi yaşayacaq. Bundan əlavə toylarda səs-küy də çox olur. O da bir az azalsa, daha yaxşı olar. Artıq yemək, səs, içki insanların sağlığına ziyandır".
Mütəxəssis deyib ki, ilk olaraq qida rasionuna nəzarət etməliyik. Toylarda standartlar müəyyən edilməlidir:
"İndiki toylarda süfrəyə beş çeşid salat düzülür. Hər çeşiddən bir nəfər 50 qram yesə, 250 qram edir, süfrədə olan içkilərdən hərəsindən 2 sətəkan içsə, 500 ml edir, bu ikisi bir yerdə təkcə 700 qramdır. Bunların yanında çörək, ət, toyuq, balıq, kabablar var. Bunların hamısını da 100-120 qramdan nəzərə alsaq, 1 kq 500 qramı keçir. Axırda da tort, çay, dondurma və s. Bunlar da kalorili yeməkdir və israfçılıqdan başqa bir şey deyil. Ona görə də bir standart qoyulmalıdır, o standart toy məclislərində tətbiq olunmalıdır. Adambaşına düşən qida rasinunun düzgün hesablanması, düzgün təqdimatı olmalıdır. Deyirlər ki, elə adam var, bir qoyunu yeyir, biz bir qoyunu yeyən adamalrı nəzərə alsaq, gərək toyu israfçılıqla yola verək".
Ağa Salamov deyib ki, toy mədəniyyətimizin olması yaxşı olsa da, israfçılıqla doludur:
"İndiki gənclər bilmirlər cehiz dərdi çəksinlər, ya qız toyunun, oğlan toyunun dərdini. Ata-ana bütün il boyu işləyir ki, övladı üçün toy etsin. Təəssüflər olsun ki, toy mədəniyyətimiz yaxşıdır, gözəldir, amma israfçılıqla doludur. Bu da artıq puldur, hər geri qayıdan yeməyə pul şəklində baxmaq lazımdır. Adi qida, tullantılar kimi baxmaq olmaz. Çünki hamısına xərc çəkilir, hamısı ev sahibinə artıqlanması ilə ödətdirilir. Ona görə də süfrə bol olsun deyə bir şey yoxdur. Rasion deyə bir şey olmalıdır. Burda əsas odur ki, toya gələnlər yüngül atışdırmalıqlar tapsın, rasiona uyğun isti-soyuq qəlyanaltılar olsun".
Ekspertin sözlərinə görə, adambaşına düşən rasion hesablanmalıdır, standart şəkildə menyular tətbiq olunmalıdır:
"İndividual formada menyu müəyyən edilməlidir. Kabab süfrədə adambaşı bir tikədən paylanmalı, salatlar hər insanın rasionuna uyğun olmalıdır. Süfrədə çeşidləri bir az azaltmaq lazımdır. 5 çeşid salata ehtiyac yoxdur. Məsələn, 1 moyonezli, 1 moyonezsiz, 1 də ətli salat olsa kifayət edir. Yəni bununla toya gələn adamları nəzərə almaq lazımdır. İşlənmiş ətlərin, yəni kolbasa çeşidlərinin süfrəyə verilməsinə də ehtiyac yoxdur. Ümumiyyətlə adambaşına düşən rasion hesablanmalıdır, standar şəkildə menyular tətbiq olunmalıdır. Əvvəl menyu 25 manatdan başlayırdısa, indi 35-40 manatdan başlayır, 100-150 manata qədər bu qiymətlər bahalaşır.
"Qonşudan dala qalma" prinsipi ilə uşaqlarına toy edən adamlar 100-150 manatlıq meyu təqdim edir. İnsanlar da onun hamısını yemir və israfçılıq olur. Toya gələn bir kasıb adam da bu süfrəni görür, istəyir onun övladı üçün də elə toy olsun, gedir borc-xərc edir. Axırda isə həmin insan həm cibindən, həm də canından ziyana düşür. Bunların qarşısı alınmalıdr. Yas mərasimlərində də, toylarda da standartlar tətbiq olunmalıdır. Başa düşürük, sahibkarlar qazanmaq istəyir, ancaq həddi keçmək lazım deyil".
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay