20 saniyədə diqqət çəkən CV necə hazırlanmalıdır?
İşlərə müraciət edən insanlardan bəziləri CV-nin hazırlanma formasını önəmli hesab etsə də, bəziləri CV-də qeyd olunan məlumatların daha önəmli olduğunu vurğulayırlar. Bəs forma nə dərəcədə önəmlidir? İnsan Resursları mütəxəssisləri işə qəbulda bizim necə bir CV hazırladığımıza fikir verirlərmi?
İnsan resursları üzrə ekspert Ülvi Həsənli Valyuta.az-a açıqlamasında bildirdi ki, işə qəbul zamanı ilk baxılan nüans CV-nin formasıdır: “İşə qəbul mütəxəssisinin bir CV-ni qiymətləndimə müddəti 20 saniyədir. Yəni siz CV-niz ilə 20 saniyə ərzində onun diqqətini çəkməlisiniz. Bu zaman isə ən vacib faktor CV-nin dizaynıdır. Hətta ilk anda təcrübədən də vacib faktordur. Çünki mütəxəssis ilk olaraq dizaynı qiymətləndirir, daha sonra digər detallara, təcrübəyə, peşəkar bacarıqlara və s. fikir verir. Daha sonra isə uyğun olan müraciətlərə zəng edir”.
“Şəkil olmalı, yaş qeyd edilməlidir”
Müsahib CV-lərdə edilən yanlışlıqlardan da danışdı: “Əvvəllər CV formatları çox bərbad halda idi. Məsələn, şəkillərlə bəzədilmiş CV-lər çox gəlirdi. İndi o cür CV-lərin sayı azalsa da, hələ də bir sıra yanlışlıqlar mövcuddur. Ölkədə bu mövzuda keçirilən bir çox təlimdə deyilir ki, CV-də şəkilə ehtiyac yoxdur, çünki beynəlxalq təcrübədə belədir. Bu fikirlə razı deyiləm. Milli psixologiyamızı nəzərə alaraq istənilən sahədə beynəlxalq təcrübəni ölkəyə uyğunlaşdırmaq lazımdır. CV-də də yanaşmamız bu cür olmalıdır. CV-də mütləq şəkil olmalı, yaş qeyd edilməlidir. Çünki ölkə reallıqlarımız, milli psixologiyamız, komanda quruculuğumuz bir az fərqli şəkildədir. Yəni CV-də şəkil olmaması və yaşı qeyd etməmək üstünlük deyil, mənfi haldır. Bundan başqa, vəzifənizin altında mütləq nə işlər gördüyünüzü qeyd edin. İşə qəbul mütəxəssisi sizin birbaşa vəzifə funksiyalarınızla tanış olub profil haqqında daha aydın məlumatı görmüş olacaqdır”.
“Dizaynerin CV-si maliyyəçinin CV-sindən fərqlənə bilər”
Ülvi Həsənli bildirdi ki, bəzi peşələrə görə CV forması fərqlənə bilər: “İki cür CV formatı var: Mütəxəssislərin və daha üst rəhbərlərin CV-si. Bunların hər birində CV-lər daha ciddi və multimediadan uzaq bir formatda olmalıdır. Orada əlavə rəng koloritləri olmamalıdır. Bu, dünyada, Amerika və Avropada qəbul olunmuş normadır. Bu nüanslar marketing və rəqəmsal sahənin əməkdaşlarında tam fərqli ola bilər. Onların CV-ləri rəngarəng və dinamik qrafikli olması normaldır. Yəni bir dizaynerin CV-si maliyyəçinin CV-sindən fərqlənə bilər. Bir şəxsin necə dizayner olduğunu, zövqünü onun CV-nin tərtibindən də bilmək olar. Hazır CV nümunələrini internetdə asanlıqla tapmaq olar. CV-nin tərtib edilməsi mütləq deyil. Hazır CV nümunələri seçib orada öz zövqünü, yanaşmasını, rənglərlə necə işləməyini ortaya qoya bilər”.
Hansı şəkli yerləşdirim?
Ü.Həsənli bildirdi ki, CV-yə yerləşdirdiyimiz şəklin necə olması da önəmlidir: “Toyda, nişanda çəkilən, ya da bu tipli şəkillər CV-yə əlavə edilməməlidir. 3x4-ə formatında şəxsiyyət vəsiqəsi üçün çəkilən şəkil kimi də olmalı deyil. CV-də mütləq ciddi və ya sərbəst şəkillər olmalıdır. Yəni şəkil şəxsin profilini əks etdirməlidir”.
Ekspert qeyd etdi ki, CV-də bacarıqları doğru şəkildə qeyd etməliyik: “Müasir dövrümüzdə şirkətlər daha çox potensial axtarışındadır. Təcrübədən daha çox namizədin peşəkar və yumşaq bacarıqlarına önəm verirlər. Yəni məntiq budur ki, bacarıqlını al, bilik və əmək vərdişinə yiyələndir. Buna görə də peşəkar və yumşaq bacarıqlar mütləq şəkildə CV-də qeyd olunmaldır. Yumşaq bacarıqlara nümunə olaraq problem həll etmə bacarığı, nəticəyə yönümlülük və s. aid ola bilər”.
Qarakişi Vəlizadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay