"Bu zavodun açılması milli maraqlarımızı qoruyacaq" - Rüfət Quliyev
"Bu layihənin müsbət sosial təsirini qısa zamanda görəcəyik”.
Bu sözləri Valyuta.az-a Milli Məclisin deputatı Rüfət Quliyev dünən Bakıda Prezident İlham Əliyevin açılışını etdiyi Diamed dərman istehsalı zavodunun fəaliyyəti haqqında danışarkən deyib.
Rüfət Quliyev deyir ki, bu zavod Azərbaycanda müxtəlif adda, geniş çeşiddə dərman preparatlarına olan ehtiyacı tam qarşılayacaq:
“Hətta bildiyim qədər 20-25 faiz də artıq istehsal olacaq. Bu da MDB məkanına ixrac olunacaq”.
Deputatın sözlərinə görə, ölkəmizdə dərman istehsalı Azərbaycan üçün çox müsbət addımdır: “Biz bununla milli maraqlarımızı, bazarımızı qoruyacağıq. Qiymətləri tənzimləyir, keyfiyyətə nəzarət edirik".
Rüfət Quliyev deyib ki, bizdə dərman zavodlarının daha çox açılmasına ehtiyac var:
“Azərbaycanda zavod və fabriklərin açılması çox yaxşı haldır. Mən öz adıma buna sevinirəm. Lakin dərman istehsal edən zavodların açılmasına da ehtiyac var. Belə olan halda inflyasiya dərman preparatlarının qiymətlərinə təsir etməyəcək. Dərmanlar əl çatan olacaq. Rahat formada dərmanların keyfiyyəti yoxlanıla biləcək”.
Qeyd edək ki, adıçəkilən zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir.
Ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay