Obyekt sahibləri 200 manat cərimələnəcək - XƏBƏRDARLIQ
Xəbər verdiyimiz kimi, "İcbari sığortalar haqqında" qanuna dəyişiklik olunub.
Belə ki, Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron qaydada həyata keçiriləcək. Bu yenilik daşınmaz əmlakın sığortasına nəzarəti asanlaşdıracaq. Eyni zamanda elektron sistem sığortası olmayan əmlak sahiblərinin müəyyən edilməsinə imkan verəcək. Sığortası olmayan mənzil və obyekt sahibləri isə cərimə olunacaqlar.
Daşınmaz əmlakın icbari sığortasının elektron qaydada həyata keçirilməsinin üstünlüklərindən danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az -a açıqlamasında bildirib ki, sığorta sahəsini inkişaf etdirmək sənədi olmayan əmlaklara çıxarış verilməli və ya hansısa formada onların mülkiyyət hüququ tanınmalıdır.
Ekspertin sözlərinə görə, yeni tənzimləmə sistemi büdcəyə xeyli gəlir gətirəcək. Eyni zamanda bu, yeni sığorta şirkətləri və iş yerlərinin açılması deməkdir:
“2022-ci ildə ölkədə mənzillərin 60 %-i kreditli yollarla satıldı. Bu da sığortalanmış əmlakların sayını artırdı. Sadəcə, sığorta məsələləri ilə bağlı düzgün maarifləndirmə işləri aparılmayıb. İndiyədək Azərbaycanda daşınmaz əmlakın sığortası könüllülük prinsipi əsasında idi. Yalnız hər hansı əmlak alqı-satqısı zamanı çıxarışlı əmlaklar icbari sığorta ilə sığortalanırdı. Ya da əmlak ipoteka və digər kredit şərtləri ilə satılılırsa, o zaman bankın tələbi ilə mütləq şəkildə sığortalanmalı idi. Paytaxt Bakıda mənzillər üçün icbari sığortanın qiyməti 50 manatdır. Dəymiş ziyan 25000 manata qədər qarşılanır. Bölgələr üçün sığorta qiymətləri fərqlidir. Statistikaya baxsaq, Bakı şəhərindəki əmlakların çoxu sırf kirayəlik əmlaklardır. Kirayə verilən evlərdə daha çox problemli məsələlər olur. İcbari sığorta etməklə il ərzində hansısa hadisə baş versə, sığorta şirkətləri dəymiş zərəri qarşılaya bilər. Lakin icbari sığortanın ciddiləşməsinin kirayə qiymətlərinə təsiri olmayacaq. Hazırda 100 minlərlə çıxarışı olmayan daşınmaz əmlaklar var. Bunlar istər fərdi həyət evləri, istərsə də yeni tikili binalarda müqaviləli mənzillərdir. Həmin evləri çıxarış olmadığına görə sığortalamaq olmur. Bu baxımdan onlara çıxarış verilməli və ünvan göstərilməlidir”.
Sığorta agenti Əflan Əliyev isə qeyd edib ki, şəxsin əmlak üzərində mülkiyyət hüququnu tanıyan bütün sənədlər üzrə icbari sığortanı həyata keçirmək olur.
Onun sözlərinə görə, yarımtikililər, qəzalı vəziyyətdə olan və söküntüsünə qərar verilmiş tikililər sığortalanmayacaq:
“Hələ ki cərimələr tətbiq olunmur. Elekron sistem hazırlanandan sonra yoxlamalar başlayacaq. İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən, fiziki şəxslər üçün 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manat məbləğində cərimələr tətbiq ediləcək. Bu, qanunda var. Qeyri-yaşayış sahələri üzrə səlahiyyət Fövqaladə Hallar Nazirliyinə, yaşayış sahələri üzrə isə icra hakimiyyəti orqanlarına verilib. Bu, sənədi olan bütün qanuni tikililərə aiddir. Bəzən sual verilir ki, bizdə ev çıxarış deyil, alqı-satqı müqaviləsi və yaxud digər sənədlərlə alınıb. Mütləq şərt deyil ki, çıxarış olsun. İcbari sığorta müqaviləsini bütün sənədlər üzrə qeydə almaq olur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay