Gömrük Komitəsi ləğv ediləcəkmi? (ŞƏRH)
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin imzaladığı sərəncamla Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib. Həmçinin, komitəyə yeni sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub.
Qeyd edək ki, Gömrük Komitəsinin fəaliyyəti heç də birmənalı qarşılanmır. Mətbuat və cəmiyyətdə onun fəaliyyəti barədə daha çox neqativ məqamlar yer alıb. Qurumun daha çox korrupsiya mənbəyi olduğunu söyləyənlər də var. Bu müstəvidə Gömrük Komitəsinin ləğv edilməsi, onun başqa qurumlara birləşdirilməsi təklifləri də səslənir.
Bu günlərdə komitənin bir neçə yüksək çinli məmuru həbs edilib. Ardınca sədr Səfər Mehdiyev vəzifəsindən azad olunub. Əvəzində isə qurumda ikinci birinci müavin postu yaradılıb və Şahin Bağırov həmin vəzifəyə gətirilib. O, həmçinin birinci müavin olaraq həm də sədrin səlahiyyətlərini icra edəcək.
Gömrük komitəsinə sədrin əvəzinə birinci müavin gətirilməsi nəyə hesablanmış addımdır?
Məsələni Qaynarinfo-ya şərh edən iqtisadçı ekspert Natiq Cəfərli fikrincə, sözügedən qərarla Gömrük Komitəsinin ayrıca qurum kimi qalmasının, yaxud da hansısa nazirliyə birləşdirilməsinin daha doğru olub-olmadığı müzakirə edilir:
"Ona görə də Gömrük Komitəsində edilən bu kadr dəyişikliyini keçid dövrü üçün müvəqqəti qərar kimi dəyərləndirmək olar. Bir çox ölkələrdə sözügedən komitə müstəqil qurum olaraq fəaliyyət göstərmir. Maliyyə, İqtisadiyyat və ya Vergilər Nazirliyinin nəzdində fəaliyyət göstərir. Türkiyədə Ticarət Nazirliyinin nəzdində fəaliyyət göstərən departamentdir. Yəqin ki, ölkəmizdə də hansı variant və istiqamətin daha effektli ola biləcəyilə bağlı müzakirələr gedir. Bu müzakirlər bitəndən sonra qurum barədə konkret qərar da veriləcək.
Gömrük Komitəsi müstəqil qurum olaraq qalacaqsa, indi birinci müavin təyin olunan şəxs yəqin ki, sədr kimi də təsdiqlənəcək. Sanki keçid dövründə onun qurumu idarə edib-edə bilməyəcəyilə bağlı yoxlama da aparılır. Eyni zamanda, bu müddətdə bütün digər variantlar da yəqin nəzərdən keçiriləcək. Qərar yetişəndə təyin olunan birinci müavin ya quruma sədr kimi təsdiqlənəcək, ya da hansısa nazirliyin tərkibində departament rəhbəri kimi qalacaq”.
Rüfət Sultan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay