Ötən il bankların kredit aktivliyi neçə faiz azalıb? - ANALİZ
2015-ci il devalvasiyasından yenicə özünə gəlmiş banklar 2018-ci ildən başlayaraq kredit aktivliyini artırdılar və hətta 2018-2019-cu illərdə ümumilikdə kredit qoyuluşunu 36,4% artırmağa nail oldular.
Valyuta.az xəbər verir ki, bu sözləri iqtisadçı-eksper Samir Əliyev, “Bank sektorumuz pandemiya və müharibə dövründə” adlı məqaləsində qeyd edib.
Onun sözlərinə görə, ancaq növbəti il kredit qoyuluşunda yenidən geriləmə özünü göstərməyə başladı:
“Mərkəzi Bankın məlumatına əsasən, 2020-ci il ərzində ölkə üzrə bankların xalis kredit qoyuluşu 3,5% azalaraq 13,7 milyard manatdan 13,3 milyard manata düşüb. Sərt karantin tədbirləri çərçivəsində kreditləşmənin kəskin azalmasının qarşısını dövlətin dəstək mexanizmi alıb. Nazirlər Kabinetinin 9 iyul 2020-ci ildə qəbul etdiyi Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə 249 saylı Qərarı kreditləşməni dəstəkləyib”.
Ekspert qeyd edib ki, bu Qaydalar sahibkarların banklardan alacaqları kreditlərə dövlət zəmanəti və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verilməsini nəzərdə tutur:
“Dövlətin dəstək proqramı çərçivəsində pandemiya ilə əlaqədar ümumilikdə 2020-ci il ərzində banklar tərəfindən 1,2 milyard manat məbləğində kredit restrukturizasiya olunub. 2020-ci ildə kredit qoyuluşunun artım tempi qeyri-stabil olub. İlin I rübündə, yəni karantin tətbiqinə qədər olan dövrdə kredit qoyuluşunda 2,6% artım olduğu halda sərt karantin tədbirlərinin tətbiqi dövrü olan II rübdə 7%-ə qədər azalma baş verib. Yay aylarında yenidən müşahidə edilən nisbi artım (2,3%) sonuncu rübdə azalma (1,1%) ilə əvəzlənib”.
Kredit qoyuluşuna əsas dəstəyin dövlət banklarından gəldiyini deyən S.Əliyev qeyd edib ki, dövlət banklarının kredit qoyuluşunun 8,4% artımı fonunda özəl bankların qoyuluşu 7,8% azalıb:
“Nəticədə ümumi kredit qoyuluşunda dövlət banklarının payı 16,7%-dən 19,1%-ə yüksəlib. Dövlət bankları arasında artım ancaq Azərbaycan Beynəlxalq Bankına (9,9%) məxsusdur. Digər dövlət bankı olan Azər Türk Bankda 10,2% azalma qeydə alınıb. Konkret banklar üzrə aparılan analiz göstərir ki, pandemiyanın bankların kredit aktivliyinə təsiri fərqli olub. 2020-ci ildə ölkə iqtisadiyyatına kredit qoyuluşunu azaldan əsas banklar AFB Bank (azalma 61,3%), Bank VTB (47,1%), Xalqbank (19,4%), Yapı Kredi Bank (20,2%) və Accessbank (17,7%) olub. Ancaq Kapital Bank (19,5%), Paşa Bank (16,5%), Günay Bank (20,1%), Rabitəbank (12,3%) kredit portfelini əhəmiyyətli dərəcədə artırmağa müvəffəq olublar. Ümumiyyətlə götürdükdə ölkə banklarının yarısının kredit qoyuluşunda artım, yarısında isə azalma qeydə alınıb”.
Devalvasiya riskinin artmasının kredit qoyuluşunun dollarlaşmasını şərtləndirmədiyini vurğulayan ekspert düşünür ki, əksinə, il ərzində milli valyutada verilən kreditlərin payı 65,4%-dən 70,2%-ə yüksəlib:
“Dollarlaşmanın aşağı düşməsinin səbəbi Nazirlər Kabinetinin Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə 249 saylı Qərarıdır. Çünki bu Qaydalar sahibkarların banklardan ancaq milli valyutada alacaqları kreditlərə şamil edilir. Bu baxımdan banklar verdikləri kreditlərə dövlət zəmanəti və faiz subsidiyası əldə etmək üçün manat kreditlərini verməkdə davam etdilər.
Bank xüsusilə də son 5 ildə formalaşmış siyasəti davam etdirərək kreditləşmədən “qənaət etdikləri” vəsailəri qiymətli kağızlara yönəltməyə üstünlük veriblər”.
Ekspertin sözlərinə görə, qiymətli kağızlara yatırımın son illər banklar üçün cəlbediciliyi xeyli dərəcədə artıb:
“Onların aktivlərinin təxminən 10-13%-i bu istiqamətə yönləndirilir. 2016-2020-ci illərdə bankların qiymətli kağızlara yatırımı 10 dəfədən çox artıb. 2019-cu ildə bu sahəyə yatırım 9,1% azalsa da ötən il 32,9% artıb. (Qrafik 1) Bu onu göstərir ki, banklar vəsaitlərini qorumaq üçün əhali və biznesi aktiv maliyyələşdirmək əvəzinə passiv maliyyələşdirməyə üstünlük veriblər və vəsaitlərini əsasən daha etibarlı olan Maliyyə Nazirliyinin və Mərkəzi Bankın qiymətli kağızlarına yatırıblar”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay