Ötən il banklar tərəfindən depozit qoyuluşu azalıb - EKSPERT
2020-ci ilin mart ayında dünya bazarlarında neft kəskin ucuzlaşması fonunda manatın devalvasiya ehtimalının artması əhalinin vəsaitlərinin bir hissəsini banklardan çıxartmağa, digər hissəsini isə dollara transfer etməyə sövq etdi. Onun ardınca növbəti ay 4 bankın bağlanması qərarı depozit bazarını ikinci dəfə silkələdi. Bütün silkələnmələrin fonunda ötən il depozit qoyuluşunda azalma cəmisi 3,2% civarında oldu.
Valyuta.az xəbər verir ki, bu sözləri iqtisadçı-eksper Samir Əliyev, “Bank sektorumuz pandemiya və müharibə dövründə” adlı məqaləsində qeyd edib.
Ekspert məqaləsində göstərir ki, əslində il deposit bazarı üçün yaxşı başlamışdı və yanvar-fevral aylarında depozit qoyuluşunda 474,7 milyon manatlıq artım qeydə alınmışdı:
“Ancaq mart ayında ölkədə yaranmış devalvasiya ajiotajı depozitlərin banklardan geri çəkilməsinə rəvac verdi. Bu xəbər fonunda bankların depozit portfeli mart ayında 981,7 milyon manat, aprel ayında isə 619,3 milyon manat əridi. Azalma may (26,7 milyon AZN) və iyun (810 milyon AZN) aylarında da davam etdi.
Dünya bazarlarnda neftin bahalaşması məzənnə sabitliyinə inamın artırdı və bu, depozit bazarında nisbi sakitliyə səbəb oldu. Hətta iyul-avqust aylarında 161,5 milyon manatlıq artım müşahidə edildi. Bu aylarda artım bağlanmış banklardan alınmış kompensasiyaların yenidən banklara yönəldilməsi ilə əlaqələndirmək olar”.
Onun sözlərinə görə, ancaq Qarabağda döyüşlərin getdiyi dövrə təsadüf edən sentyabr-noyabr aylarında depozitlərin yenidən banklardan qaçışı baş verdi:
“Bu müddətdə banklardan çıxarılan depozitlərin həcmi 300 milyon manata yaxın olub. Diqqəti çəkən məqamlardan biri də ötən ilin son ayında – dekabrda depozit qoyuluşunun 6,1% və ya 1,4 milyard manat artmasıdır.
Depozitlərin strukturuna baxsaq. görərik ki, maliyyə institutlarının yatırımlarında 10,6%, əhalinin əmanətlərində 5,5%, hüquqi şəxslərin depozitlərində isə 1,1% azalma olub. Manatın devalvasiya ehtimalı və ölkədə dollar satşına qoyulan məhdudiyyətlər depozitlərin valyuta tərkibinə neqativ təsir göstərə bilməyib. Valyuta bazarında yaranmış qısamüddətli gərginliyə rəğmən ümumi depozitlərdə milli valyutanın payı 2020-ci ildə artaraq 39%-dən 43,6%-ə yüksəlib”.
S.Əliyev, bu artımın əhali və hüquqi şəxslərin vəsaitləri hesabına baş verdiyini bildirib:
“Bu müddətdə maliyyə institutlarının depozitlərində dollarlaşma səviyyəsi artaraq 66%-dən 68%-ə yüksəlib. Əmanətlərin tam sığortalanması və xarici valyutada olan depozitlərin illik faiz dərəcəsinin həddindən aşağı olması milli valyuta depozitlərinin cəlbediciliyini hələ də saxlamaqdadır. Bu məsələdə əsas rolu devalvasiya ehtimalının aşağı olması oynayır.
Ötən il banklarımızın bəziləri deposit portfelini artırıb, bəziləri isə kiçiltməyə məcbur olublar. Paşa Bank (12%), Kapital Bank (17,6%), Rabitəbank (9%) kimi iri banklarla yanaşı Naxçıvanbank (48,8%) və Günay Bank (15,8%) kimi yerli, Ziraat Bankı (77,3%) və Bank VTB (27,7%) kimi xarici kapitallı banklar da portfelini artırmağa müvəffəq olublar. Ən kiçik depozit portfelinə malik olan Pakistan Milli Bankının Bakı filialında hətta 7 dəfədən çox artım baş verib”.
Onun sözlərinə görə, ən böyük depozit itkisi AFB Bank (70,9%), Bank Respublika (37,3%), Expressbank (31,9%), Yelo Bank (25,2%), Bank Avrasiya (18,2%) və Muğanbankda (16,7%) qeydə alınıb:
“Ümumilikdə 16 bankın depozit portfeli azalıb, 10 bankda isə artıb. Bankların depozit resurslarından asılılığı hələ də qalmaqdadır. Bankların cəmi öhdəliklərində depozit resuslarının payı 2020-ci ildə azalaraq 80,1%-dən 79,3%-ə düşüb. Halbuki son 5 ildə artım tendensiyası göstərib”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay