Abşeronun kəndləri üçün içməli su şəbəkəsi yaradılır - “Azərsu”
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
Səhmdar Cəmiyyətdən Valyuta.az-a bildirilib ki, daxili imkanlar hesabına Abşeron rayonunun Goradil qəsəbəsinin bağ massivi adlanan ərazisində mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır.
Goradil qəsəbəsinin bağ massivi ərazisində indiyədək mərkəzləşdirilmiş su təchizatı sistemi olmayıb.
Əhalinin içməli suya olan tələbatı uzun illər fərdi qaydada yaradılmış və tikinti normalarına uyğun olmayan xətlər vasitəsilə ödənilib. Buna görə də içməli su təchizatında ciddi çətinliklər müşahidə olunub. İstismara yararsız olan həmin xətlərdə tez-tez qəzaların baş verməsi sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olub, suyun keyfiyyəti üçün müəyyən risklər yaradıb. Xüsusilə yay mövsümündə belə xətlər vasitəsilə normal su təchizatını aparmaq mümkün olmurdu.
Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi, dəqiq uçotun qurulması, su itkilərinin qarşısının alınması üçün bu ilin mart ayında yeni layihənin icrasına başlanılıb.
“Azərsu” ASC tərəfindən daxili imkanlar hesabına həyata keçirilən layihə çərçivəsində ərazidəki istismar tələblərinə cavab verməyən fərdi su xətləri ləğv olunur. Əvəzində müxtəlif diametrli borularla 2,5 km uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır.
Layihənin əhatə etdiyi ərazidəki bütün fərdi yaşayış evləri yeni şəbəkəyə qoşulacaq və hər bir abonent sayğacla təmin ediləcək.
Tikinti-quraşdırma işlərinin cari ilin may ayında başa çatdırılması nəzərdə tutulur. Yeni infrastruktur ərazidə sabit hidravlik rejim təmin olunmasına və əhalinin dayanıqlı su təminatına imkan yaradacaq.
Qeyd edək ki, “Azərsu” ASC-nin daxili imkanları hesabına hazırda Abşeron rayonu ilə yanaşı, Binəqədi, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin Hacıqabul, Saatlı, Tovuz rayonlarının kənd və qəsəbələrində də içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr həyata keçirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay