Fermerlər iqlim dəyişikliklərinə necə uyğunlaşmalıdır? - Vacib təklif və tövsiyələr
İqlim dəyişikliyi bütün dünyanı caynağına alan qlobal problemdir. İqlim dəyişikliyindən xüsusilə fermerlər ciddi əziyyət çəkirlər. Çünki nəticədə məhsuldarlıq aşağı düşür və bu da öz növbəsində bazara ciddi təsir edir.
Bəs fermerlər iqlim dəyişikliklərinə necə uyğunlaşmalıdır və bu istiqamətdə dövlət tərəfindən hansı işlərin görülməsi planlaşdırılır?
Bu barədə Redaktor.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirdi ki, son illər planetimizdə müşahidə olunan ciddi iqlim dəyişikliklərinin təsirlərindən sığortalanmaq üçün fermerlərin, xüsusilə də su və torpaq resurslarından daha səmərəli istifadə etməsi vacibdir:
"İqlim dəyişikliklərinin əsas təsirləri atmosfer yağıntılarının azalması və yağıntıların qeyri-bərabər paylanması ilə müşahidə olunur. Eyni zamanda quraqlığın təsirindən torpaqların suya olan tələbatının ödənilməməsi və şoranlığın artmasıdır ki, bu da təbii ki, onsuz da ölkəmizin məhdud olan torpaq ehtiyatlarından daha səmərəli istifadəni vacib edir. Torpaq və su resurslarından səmərəli istifadə mövcud su resurslarımızın daha yaxşı istifadəsi deməkdir. Bunun üçün bütün dünyada olduğu kimi, Azərbaycanda da müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi mütləqdir. Dövlət artıq illərdir ki, bu prosesə dəstək verir".
Nazirlik rəsmisinin sözlərinə görə, müasir suvarma sistemləri quraşdıran fermerlərə dövlət tərəfindən güzşətlər edilir:
"Söhbət damlama suvarma sistemlərindən tutmuş pivot suvarma sistemlərinə qədər ən müasir sistemlərin quraşdırılmasından gedir, dövlət bu sistemlərin dəyərinin 40 faizini subsidiya şəklində fermerə ödəyir. Yəni fermer, məsələn, öz bağında damlama suvarma sistemi quraşdırırsa, həmin sistemin qiymətinin gömrük dəyərinin 40 faizi dövlət tərəfindən qarşılanır. Fermer faktiki olaraq 60 faiz xərcləri öz boynuna götürür. Həmin 60 faizin içərisində, yəni fermer 20 faiz ilkin ödəniş etməklə suvarma sistemi qura bilər və qalan 40 faiz dövlət tərəfindən subsidiyalaşdırılır. Yerdə qalan digər 40 faiz isə bərabər hissələrə bölünərək növbti beş il ərzində fermer tərəfindən faiz ödənilmədən qaytarıla bilər. Əslində, burada faizlər var, sadəcə olaraq həmin faizləri dövlət ödəyir. Bu sahənin müasir suvarma sistemlərinin dəstəklənməsi, qlobal iqlim dəyişiklərinin su və torpaq resursları üzərində təzyiqini neytrallaşdırmağa yönəlmiş dövlət dəstək mexanizmidir".
Vüqar Hüseynov qeyd etdi ki, torpaq resurslarından da maksimum dərəcədə səmərəli istifadə vacibdir:
"Burada əsas rol fermerlərin üzərinə düşür və fermerlərin görməli olduğu işlərdən biri əkin qaydalarına düzgün riayət etməkdir. Torpaq resurslarından səmərəli istifadənin birinci yolu budur. Söhbət növbəli əkindən, düzgün aqrotexniki qulluq aparılmasından gedir ki, fermerlər bunu etdikdə həm torpaq resurslarını qoruyurlar, həm də gəlirlərini artırmış olurlar. Yəni ənənəvi əkinçilik qaydaları artıq iqlim dəyişikliyinin təsiri nəticəsində öz effektini itirir və bütün müasir dünyada torpaq resurslarından tam səmərəli istifadə üçün ən müxtəlif üsullar var ki, bu üsulların Azərbaycanda da tətbiqi təbii ki, aqrotexniki qulluq qaydaları, növbəli əkin sistemi, gübrələrdən normasında istifadə etmək, torpağın ehtiyac duyduğu maddələrlə qidalandırılmasıdır və s. Bunlar təbii ki, ciddi təsir göstərir və iqlim dəyişikliklərinin təsirini neytrallaşdırmağa imkan verir".
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov isə hesab edir ki, iqlim dəyişikliyi ilə heç bir fermer mübarizə apa bilməz, çünki bu məsələ artıq insanların nəzarətindən çıxıb və proses getdikcə sürətlənir, daha şiddətli forma alır:
"Hətta iqlim dəyişikliyi digər ölkələrdə özünü daha dəhşətli formada göstərir. Şəhərlər var ki, yavaş-yavaş suyun altına keçir. Bu prosesi dayandırmaq olmur, sadəcə olaraq cəhd edilir ki, havada istilik effekti yaradan qazların emissiyalarını nisbətən aşağı həddə saxlasınlar. Belə olduqda fermerlər iqlim dəyişikliyinə adaptasiya olmalıdırlar. Başa düşməlidirlər ki, getdikcə təbiət hadisələri daha kəskin formada özünü göstərə bilər. Buna görə də istiyə dözümlü sortlar yetişdirmək lazımdır. Bütün məhsulların istiyədavamlı sortları var. Bundan başqa, külək və intensiv yağışlar yağanda taxıl zəmilərində bitkini yatırır. Ona görə də aşağıboylu bitki sortundan istifadə etmək lazımdır ki, küləyə dözümlü olsun. Fermer çalışmalıdır ki, bitki daha sağlam olmalı, daha yaxşı inkişaf etməlidir, aqrotexniki qaydalara əməl etməlidir. Bitkinin inkişaf prosesinin dayanması nadir hallarda baş verməlidir, amma bizim kimi ölkələrdə uzun müddət bitkinin inkişaf prosesi dayanır. Bunun səbəbi bizim torpağa lazımi qədər mineral elemetləri verməməyimizdir. Bitki həmin elementləri mənimsəyərək daha dözümlü olur. Bu dövr ərzində bitkinin mayalanma prosesi normal getməlidir və stress amillərinə qarşı güclü olmalıdır".
Ekspert vurğuladı ki, çox vaxt məhsuldarlığın azalamsını, məhsulun keyfiyyətinin aşağı düşməsini havanın pis keçməsi ilə əlaqələndirirlər. Ancaq iqlim dəyişikliyi bütün dünyada baş verir, buna baxmayaraq məhsuldarlıq artır:
"Çünki iqlim dəyişikliyinin kənd təsərrüfatına müsbət tərəfləri də var. Bu, havada karbon qazının çox olması ilə əlaqədardır. Çünki bitki karbon qazını alır və oksigeni buraxır. Kəndli iqlim dəyişikliyinin mənfi və müsbət təsirlərini bilməlidir. Məsələn, heyvanların otarılması, yemlənməsi günəş altında olmamalıdır. Fermer bilməlidir ki, heyvanları yalnız səhər tezdən və ya axşamlar, yəni hava hələ qızmamışdan heyvanları otarmağa çıxarmaq lazımdır".
Vahid Məhərrəmov bitkinin düzgün suvarılmasından da bəhs etdi:
"Bitki vaxtı-vaxtında suvarılmalıdır, hətta kökündə nəmlik olması daha yaxşıdır. Bunun üçün də damcı suvarma sistemindən istifadə edilməlidir. Azərbaycanda 20 faiz qədəri bu sistemdən istifadə edilir, ancaq daha da artırılmalıdır. Orta Asiya ölkələri, qonşu ölkələr damcı suvarma sistemindən daha çox istifadə edirlər. Bizim imkanlarımız daha böyükdür və bu cür sistemləri quraşdırmaqdan ötrü kəndlərə yardım etmək olar. Azərbaycanın dağlıq və dağ ətəyi rayonlarında dolu çox yağır və bunun da kənd təsərrüfatına xeyli ziyanı var. Həmçinin sel suları da kifayət qədər zərər vurur, hətta havanın həddindən artıq isti keçməsi də fermerlərin işinə ciddi təsir göstərir. Çünki bitkidə fotosintez prosesi dayanır və o qidalana bilmir. Elə etmək olar ki, bu təsirlər minimuma düşsün. 2010-cu ildə araşdırma aparmışdıq və hökümətə təklif vermişdik ki, dolunu suya çevirən toplar var. Yəni havada buz parçaları suya çevrilir və yerə yağış kimi düşür. Bu sistemdən Gürcüstan və digər ölkələr istifadə edir. Sel sularının hansı çaylar vasitəsilə, hansı istiqamətdə axdığını müşahidə edib, suyun sahilə çıxan hissəsini dərinləşdirmək olar. Hökümət bu problemlərlə bağlı proqram qəbul etməlidir. Həmin proqramda riskləri minimuma endirməklə bağlı görülməli işlər qeyd olunmalıdır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay