Xidmət rəisi: "Sürüşmə prosesləri aktivləşə bilər” (FOTOLAR)
“Atmosfer çöküntülərinin, qarın intensiv əriməsi nəticəsində sürüşmə prosesləri aktivləşə bilər”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Geoloji Kəşfiyyat Xidməti respublika ərazisində geniş yayılmış sürüşmə proseslərinin davamlı olaraq monitorinqini aparır:
“Mütəmadi monitorinq nəticələrinə görə, hazırda ölkə ərazisində lokal və geniş sürüşməyə meyilli sahələrdə ciddi dinamik dəyişiklik müşahidə edilməyib. Son məlumatlara görə, yalnız cənub bölgəsində və Abşeron yarımadasındakı Nübar massivində zəif dinamik aktivlik müşahidə olunur.
Cənub bölgəsində, əsasən Lerik və Astara rayonlarında, eyni zamanda, Lənkəran-Biləsər yolunun sol çiynində zəif sürüşmə elementləri müşahidə edilib. Lerik rayonunun iki kəndində uzunluqları 150 və 200 m olan daha çox çökmə-sürüşmə xarakterli proseslər baş verib. Lakin son zamanlar bütün ölkə ərazisində intensiv atmosfer çöküntülərinin yağması, iqlim normasındam artıq olan qar və yağış çöküntülərinin həcminin artması müşahidə olunur. Bundan sonrakı mərhələdə, yəni atmosfer çöküntülərinin, qarın intensiv əriməsi nəticəsində sürüşmə prosesləri aktivləşə bilər”.
Əli Əliyev qeyd edib ki, bu, əsasən daha yüksək gərginliyi ilə seçilən cənub bölgəsində və qismən də Abşeron yarımadasında baş verə bilər:
“Onu da qeyd edək ki, burada insanların xüsusi yanaşmasına da ehtiyac var. Əsasən qarın intensiv əriməsi mərhələsində relyefdə baş verən hər hansı dinamik dəyişikliklər haqqında, xüsusilə Rayon İcra Hakimiyyətləri yanında Fövqəladə Hallar Komissiyasına və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verə bilərlər. Bu da monitorinq işlərinin aparılmasında bizə kömək edə bilər” – o qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay