Dünya bazarında hansı məhsullar bahalaşdı? - AÇIQLAMA
Dünya bazarında neftin qiymətinin artması tədiyə balansına müsbət təsir edir və valyuta bazarındakı tarazlığı dəstəkləyir.
Valyuta.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında bildirilib.
Bildirilir ki, OPEC++ razılaşması və dünya iqtisadiyyatının bərpası kimi gözləntilərin təsiri altında neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 60 ABŞ dollarını, mart ayının ötən dövründə isə 67 ABŞ dollarını üstələyib. Aparıcı analitik mərkəzlər özlərinin son hesabatlarında cari ilə neft istehlakı və qiyməti proqnozlarını bir qədər artırıb.
Dünya ərzaq qiymətlərinin yüksəlməsinin davam etməsi daxili inflyasiyaya artırıcı təsir edir. Dünya ərzaq qiymətləri yanvar-fevralda 6,9%, son 12 ayda 16,7% yüksəlib. Ən yüksək illik bahalaşma yağ (51%) və un məhsulları üzrə (26,5%) qeydə alınıb. Dünya bazarında buğdanın bahalaşmasının daxili inflyasiyaya təsirini azaltmaq üçün buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha bir il müddətinə əlavə dəyər vergisindən azad edilıb.
Qlobal iqtisadiyyatda, o cümlədən tərəfdaş ölkələrdə iqtisadi artımın bərpasının qeyri-neft ixracı və investisiya axınları vasitəsilə Azərbaycanda tələbin dinamikasına artırıcı təsir göstərəcəyi gözlənilir. Digər tərəfdən yaradılan beynəlxalq nəqliyyat infrastrukturundan daha aktiv istifadə və mart ayının 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişinin qüvvəyə minməsinin ölkəmizin qeyri-neft ixracının genişlənməsinə müsbət təsir göstərəcəyi gözlənilir.
Mərkəzi Bank hesab edir ki, 2021-ci ildə iqitisadi artımın bərpası ilə bağlı gözləntilər qeyri-neft iqtisadiyyatında artıq özünü doğrultmaqdadır. Rəsmi rəqəmlərə görə 2021-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektorunda resessiya, demək olar ki, dayanıb. Qeyri-neft sektorunun aparıcı sahələri olan qeyri-neft sənayesində 12,1%, kənd təsərrüfatında 2,3%, nəqliyyat və anbar təsərrüfatında isə 10,9% artım müşahidə olunub.
Real sektorun monitorinqinin nəticələrinə görə fevralda biznes inam indeksi ötən aya nəzərən ticarət və xidmət sektorlarında artım meyilli olub. Tikintidə icraya qəbul edilmiş sifarişlərdə müsbət meyil qeydə alınıb.
Qısa və ortamüddətli perspektivdə həm xarici, həm də daxili tələbdə bərpa prosesinin davam edəcəyi gözlənilir. Daxili tələb stimullaşdırıcı fiskal, monetar və makroprudensial siyasətlər, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri ilə dəstəklənəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay