Fiber-optik kabelləri kim kəsdi? - Şübhəli gəmi Baltik dənizində xaosa səbəb oldu
Baltik dənizində iki fiber-optik kabeli qəsdən kəsdiyi ehtimal edilən Çinə məxsus nəhəng bir yük gəmisi beynəlxalq təhqiqat davam edərkən regionu tərk edib.
Valyuta.az xəbər verir ki, dünya internet şəbəkəsinin əsas "damarları" olan bu kabellər son illərdə artan şübhəli dəniz fəaliyyətlərinin mərkəzindədir.
Sözügedən gəminin İsveç və Danimarka arasındakı Katteqat boğazında aylarla hərəkətsiz qaldığı, daha sonra isə peyk görüntüləri ilə şimal istiqamətində hərəkət etdiyi təsdiqlənib. İsveç rəsmilərinin "The Guardian"a verdiyi məlumata görə, Çin prokurorların gəmiyə baxış keçirməsi tələbindən imtina edib, əvvəlcədən əməkdaşlıq edəcəyinə dair söz versə də. Çin rəsmiləri isə gəminin ekipajının "fiziki və zehni sağlamlığını qorumaq üçün" regionu tərk etdiyini bildirib.
Şübhəli kəsintilər
17 noyabrda Finlandiya ilə Almaniya arasında əsas internet bağlantılarından biri qəfil kəsilib. Ertəsi gün isə İsveç ilə Litva arasındakı başqa bir kabelin qırıldığı xəbər verilib. İsveç rəsmiləri bu hadisələrin iki sualtı fiber optik kabelin kəsilməsi ilə bağlı olduğunu müəyyən ediblər. Bu cür kabellər qlobal internet infrastrukturunun əsasını təşkil edir və gündəlik 10 trilyon dollarlıq maliyyə əməliyyatlarına xidmət edir.
Fiber-optik kabellərin zədələnməsi nadir deyil. Bu zədələr təbii aşınma, təbii fəlakətlər, gəmi çapalarının düşməsi və hətta köpəkbalığı hücumları nəticəsində baş verə bilər. Ancaq bu dəfə mütəxəssislər təsadüfün ehtimal olmadığını düşünür. İsveç və Danimarka diqqətini Çinə məxsus "Yi Peng 3" adlı nəhəng bir gəminin üzərinə yönəldib. Bu gəmi 15 noyabrda Rusiyanın Ust-Luqa limanından ayrılmış və kəsintilərin baş verdiyi ərazilərdən keçmişdi.
Şübhəli hərəkətlər
İlkin araşdırmalar göstərir ki, gəminin transponderi (mövqe cihazı) kəsintilər zamanı söndürülmüşdü. Bundan başqa, gəminin demirinin sualtı kabel boyu 160 kilometr sürükləndiyi iddia edilir. İsveç rəsmilərinə görə, bu, təsadüfən baş verən hadisəyə oxşamır.
Almaniyanın müdafiə naziri Boris Pistorius məsələ ilə bağlı deyib: "Heç kim bu kabellərin təsadüfən kəsildiyinə inanmır".
Rəsmilər gəminin kapitanının birbaşa Rusiya kəşfiyyatından təlimat almış ola biləcəyini düşünürlər. Kreml bu iddiaları "əsassız" adlandıraraq rədd edib.
Qlobal təhlükəsizlik narahatlıqları
Son illərdə sualtı kabellərin ətrafında şübhəli fəaliyyətlər çoxalıb. Məsələn, bu ilin əvvəllərində Tayvan Çini iki əsas sualtı kabeli kəsməkdə ittiham etmişdi. Çin bu iddiaları rədd etmişdi. Oxşar bir hadisə Estoniyada baş verib. Honq Konq qeydiyyatlı bir gəmi Finlandiya ilə əlaqəni təmin edən kabellərə zərər vurmuşdu.
Bu hadisələr ölkələri sualtı kabellərin təhlükəsizliyini artırmağa məcbur edir. ABŞ, Avstraliya, Kanada, Finlandiya, Fransa və Yaponiya da daxil olmaqla 16 ölkə, bu kabellərin qorunması və bərpası üçün qlobal əməkdaşlıq çağırışı edib. Danimarka da bu təşəbbüsə qoşulub.
Ancaq "Yi Peng 3" gəmisinin Baltik dənizindən ani çıxışı bu hadisənin qəsdən olub-olmadığını müəyyənləşdirməyi çətinləşdirir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay