94 yaşlı Baffet 2025-ci ilə rekord məbləğdə nağd pulla girir
Milyarder investor və maliyyə dünyasının əfsanəsi Uorren Baffet 2025-ci ilə 30 ildən çox müddətdə ilk dəfə rekord həcmdə nağd vəsaitlə daxil olur.
Valyuta.az xəbər verir ki, "Berkshire Hathaway" adlı holdinqində toplanan bu böyük məbləğ, onun uzunmüddətli investisiya strategiyasının əsas elementlərindən biridir.
Rekord həcm: 325 milyard dollar
"Oppenheimer" şirkətinin məlumatlarına əsasən, "Berkshire Hathaway"in nağd ehtiyatı 325 milyard dollara çataraq, şirkətin ümumi aktivlərinin təxminən 30%-ni təşkil edir. Bu, 1990-cı ildən bəri ən yüksək göstəricidir. 1965-ci ildən "Berkshire" şirkətini idarə edən Baffet bu sadə geyim istehsalçısını müxtəlif sahələri əhatə edən unikal bir maliyyə nəhənginə çevirib.
Bu qədər nağd vəsaitin saxlanmasının səbəbi nədir?
Ekspertlər Baffetin bu strategiyasını bir neçə səbəblə izah edirlər:
1 Dəyərləndirmənin yüksək olması: Baffetin ABŞ bazarlarının dəyərini ölçmək üçün istifadə etdiyi məşhur "Baffet göstəricisi" (səhmlərin ümumi bazar dəyərinin ÜDM-ə nisbəti) tarixi maksimum olan 209%-ə çatıb. Bu, 1929-cu il böhranından bəri qeydə alınan ən yüksək göstəricidir. Məsələn, dotcom böhranı öncəsi bu göstərici yalnız 140% idi. Belə bir şəraitdə, qiyməti şişirdilmiş bazarda uyğun investisiya imkanları tapmaq çətindir.
2. Keyfiyyətli və ucuz şirkətlərin azlığı: "Berkshire"in uzunmüddətli səhmdarlarından biri və "Glenview Trust Company"nin baş investisiya direktoru Bill Stoun vəziyyəti belə izah edir: "Baffet üçün yüksək keyfiyyətli şirkətləri ucuz qiymətə tapmaq çox çətindir. Nağd ehtiyatın bu qədər yüksək olması məhz dəyərləndirmənin bahalı olması ilə bağlıdır".
Satış strategiyası
"Berkshire-ın nağd ehtiyatlarının artmasının bir digər səbəbi də, şirkətin 2024-cü il ərzində əhəmiyyətli satış əməliyyatları həyata keçirməsidir. Uorren Baffet bu il "Apple" və "Bank of America"nın əhəmiyyətli hissələrini satmış, ilin ilk üç rübündə 133 milyard dollar dəyərində səhmi əlindən çıxarıb.
"Müharibə sandığı" yeni fürsətlər üçün hazırdır
Baffet tarixən bazar çöküşləri və ya dəyərsizləşmələr zamanı bu "müharibə sandığı"ndan istifadə edərək böyük alışlar həyata keçirib. Ekspertlərə görə, bu nağd ehtiyatlar, bazar şəraiti uyğun olduqda gələcəkdə böyük investisiya fürsətləri üçün istifadə ediləcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay