Rekord sayda rusiyalı məhkəməsiz müflis elan edildi
2024-cü ilin üçüncü rübündə çoxfunksiyalı mərkəzlər (MFM) 12,6 min rusiyalını müflis elan edib. Bu, keçən ilin göstəricisindən 25% çoxdur (9,3 min nəfər).
Valyuta.az xəbər verir ki, bu barədə "Fedresurs"un statistikasında deyilir.
İkinci rübdə isə məhkəmədən kənar müflis elan edilməyə nail olanların sayı 7,9 min nəfər olub və ilin əvvəlindən bu statusu əldə edənlərin sayı 23,3 min nəfərə çatıb. Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında 38,4 min məhkəməsiz müflislik proseduru başlanıb.
Sadələşdirilmiş müflislik mexanizmi 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb və ilk vaxtlar geniş istifadə edilməyib. 2020-ci ildə bu prosedurdan keçmək üçün təxminən 1,8 min müraciət qəbul edilib, 2021-ci ildə 4,7 min, 2022-ci ildə 7,1 min, 2023-cü ildə isə 15,9 min nəfər müraciət edib.
Əgər borclunun maliyyə çətinlikləri ilə bağlı ərizəsi tələblərə cavab verirsə, MFM onu qəbul edir və adətən, altı ay sonra vətəndaş müflis elan edilir.
Məqsədli mexanizm fəaliyyətə başlayandan bəri 41,7 min rusiyalı bu prosedurdan yararlanıb və ümumilikdə 17,1 milyard rubl borc silinib.
Əvvəlcə məhkəməsiz müflislikdən yalnız 50 min ilə 500 min rubl arasında borcu olan, əmlakı və ya maliyyə imkanı olmayan şəxslər istifadə edə bilirdi. Bunun üçün borcluya qarşı bütün icra işlərinin başa çatması tələb olunurdu.
Lakin 2023-cü ilin 3 noyabr tarixindən etibarən hökumət bu tələbləri yumşaldıb. İndi pensiya və ya uşaq üçün aylıq müavinət alan, əmlakı olmayan, borc üzrə icra işi bir ildən çox davam edən şəxslər də məhkəməsiz müflislik üçün müraciət edə bilər. Bundan başqa, borc üzrə icra işi yeddi ildən çox davam edən vətəndaşlar üçün də bu prosedur əlçatandır. Eyni zamanda, borc məbləği limiti genişləndirilib: aşağı hədd 25 min rubla endirilib, yuxarı hədd isə 1 milyon rubla qaldırılıb.
Hüquqşünas Yaroslav Kovalev qeyd edir ki, bu qanun dəyişiklikləri ilk növbədə pensiyaçılar və sosial müavinət alan kimi az müdafiə olunan əhali qruplarına təsir edib və bu, müflislik dinamikasına da təsir göstərib. "Fedresurs"un məlumatına görə, sadələşdirilmiş müflisliyə müraciət edənlərin 50%-i, yəni 19,2 min nəfəri pensiyaçı, 10%-i (3,9 min nəfər) sosial müavinət alanlar, 13%-i (5,1 min nəfər) isə yeddi ildən artıq icra işlərinin davam etdiyi şəxslərdir.
Rusiyada məhkəməsiz müflislik üzrə "gözlənilən tələbat" formalaşıb və bu, hələ də özünü göstərə bilər, - deyə "Borc Alanların Hüquqları" layihəsinin eksperti Mixail Alekseyev bildirir. O, 2025-ci ildə proseduru tamamlayanların sayının 50 mindən çox ola biləcəyini proqnozlaşdırıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay