AP Ukraynaya Rusiya aktivləri hesabına 35 milyardın verilməsini dəstəklədi
Avropa Parlamentinin ticarət məsələləri üzrə komitəsi bu gün səs çoxluğu ilə Ukraynaya Rusiya aktivlərinin dondurulmuş vəsaitləri hesabına 35 milyard avro məbləğində maliyyə dəstəyinin kredit şəklində verilməsini dəstəkləyib.
Valyuta.az xəbər verir ki, bu barədə Ukrinform məlumat yayıb.
"Komitə Avropa Komissiyasının Ukraynaya 35 milyard avro məbləğində xüsusi makromaliyyə yardımı (MMY) formasında kredit verilməsi təklifini dəstəklədi. Bu, G7-nin Ukraynanın maliyyə tələblərinə cavab olaraq təklif etdiyi 50 milyard dollarlıq dəstək təşəbbüsünün bir hissəsidir", - deyə məlumatda bildirilir.
Bu makromaliyyə kreditinin ödənişləri, G7 ölkələrindən olan digər kreditlər kimi, Rusiya Mərkəzi Bankının bloklanmış aktivlərindən əldə olunan gəlirlər hesabına həyata keçiriləcək və Avropa Komissiyasının təklifi ilə yaradılmış Ukrayna ilə Əməkdaşlıq Kredit Mexanizmi vasitəsilə koordinasiya olunacaq.
Gələcəkdə dondurulmuş Rusiya aktivlərindən əldə ediləcək gəlirlər, habelə Aİ üzv dövlətləri və digər ölkələrdən ola biləcək ianələr Ukraynaya həmin kreditin və digər G7 tərəfdaşlarının kreditlərinin ödənişi üçün təqdim olunacaq. Bu fövqəladə maliyyə gəlirləri yalnız qeyd olunan qanuni kreditlərin ödənişi üçün istifadə olunacaq.
Ukrayna bu makromaliyyə kreditindən öz ehtiyacları üçün istifadə edə biləcək. Bu ödənişlər üzərində nəzarət sistemi Ukraynanın planında əks olunacaq və sui-istifadənin qarşısını almaq üçün xüsusi tədbirlər görüləcək. Yeni maliyyə kreditinin vəsaitləri 2024-cü ilin sonunadək Ukraynaya təqdim ediləcək və ödənişlər 2025-ci ilin sonunadək başa çatdırılmalıdır.
Qeyd olunur ki, kredit ödənişləri Ukraynanın demokratik islahatları və insan haqlarına hörmət öhdəliklərinin yerinə yetirilməsi şərtilə həyata keçiriləcək. Bu şərtlər kredit ödənişlərini tənzimləyəcək Anlaşma Memorandumunda əks olunacaq.
Avropa Parlamentinin gələn plenar həftədə, 21-24 oktyabr tarixlərində bu təkliflə bağlı səsvermə keçirməsi gözlənilir.
Xatırladaq ki, Avropa İttifaqı Şurası bu təklifi keçən həftə dəstəkləyib və səsvermədən sonra onu yazılı prosedurla təsdiq edəcək. Kreditin verilməsi qaydaları Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay