Dünyanın yoxsul ölkələrinin borcu ən yüksək səviyyəyə çatıb
Dünya əhalisinin ən yoxsul 40 faizi dünyanın ən yoxsul 26 ölkəsində yaşayır. Bu ölkələrin borcları 2006-cı ildən bəri ən yüksək həddə çatıb.
Dünya Bankının dərc etdiyi hesabata görə, COVID-19 pandemiyasından əvvəlki ilə müqayisədə bu iqtisadiyyatlar bu gün orta hesabla daha kasıbdır və bütövlükdə dünya böyük ölçüdə bərpa olunduğuna və böyümə yolunda olmasına baxmayaraq geridə qalır.
Dünya Bankı bu il ən yoxsul ölkələr üçün vəsait təmin edən Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) yenidən qurulması üçün 100 milyard dollar cəlb etməyi planlaşdırır.
Adambaşına düşən illik gəliri 1,145 ABŞ dollarından aşağı olan bu 26 ölkə bazarlardan maliyyə tapmaqda çətinlik çəkdikləri üçün BİA-nın sıfıra yaxın faizli kreditlərindən və qrant dəstəyindən getdikcə daha çox asılı hala düşür. Bu ölkələrin orta borcunun ÜDM-ə nisbəti son 18 ilin ən yüksək göstəricisi olan 72 faiz təşkil edir
Kasıb ölkələrdəki vəziyyət xarici investisiyalara mane olur
Hesabatın tədqiq etdiyi ölkələrin əksəriyyəti Afrikadadır.
Efiopiyadan Çadaya, Konqodan Əfqanıstana və Yəmənə qədər geniş bir coğrafiyanı əhatə edən bu ölkələr aşağı gəlirləri və qeyri-sabit siyasi vəziyyətləri ilə diqqət çəkir.
Bu ölkələrin üçdə ikisi ya silahlı münaqişə, ya da institusional və sosial kövrəklik səbəbindən xarici investisiyalara mane olan asayişi qorumaq üçün mübarizə aparır. Bundan əlavə, bu ölkələr demək olar ki, tamamilə xammal ixracına güvəndikləri üçün tez-tez iqtisadi dalğalanmalara məruz qalırlar.
Dünya Bankının baş iqtisadçısı Indermit Gill bildirib ki, dünyanın qalan hissəsi ən yoxsul ölkələrdən uzaqlaşdıqca, BİA onlar üçün həyat xətti olub. O, son beş il ərzində öz maliyyə resurslarının əsas hissəsini bu aşağı gəlirli iqtisadiyyatlara yönəldib və tarixi tənəzzüllərə baxmayaraq, onları ayaqda saxlayıb.
BİA ümumiyyətlə hər üç ildən bir Dünya Bankına üzv ölkələrin töhfələri ilə yenilənir. 2021-ci ildə 93 milyard dollar toplanıb və Dünya Bankının prezidenti Ajay Banqa dekabrın 6-dək 100 milyard dollar vəd toplamaq niyyətindədir.
Təbii fəlakətlərin təsiri
Hesabata görə, son on ildə təbii fəlakətlərin bu ölkələrə iqtisadi təsiri xeyli artıb.
2011-2023-cü illər arasında təbii fəlakətlər bu ölkələrdə ÜDM-in illik orta hesabla 2 faizi itkisinə səbəb olub. Bu göstərici aşağı-orta gəlirli ölkələrdəki orta göstəricidən beş dəfə çoxdur.
Dünya Bankı bildirir ki, bu vəziyyət daha çox investisiyaya ehtiyac olduğunu göstərir. Bundan əlavə, sözügedən ölkələrdə qeyri-formal iqtisadiyyatın geniş yayıldığı və vergi sisteminin səmərəli işləmədiyi bildirilir, vergilərin yığılması proseslərinin təkmilləşdirilməsi, dövlət xərclərinin daha səmərəli olması vurğulanır.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay