Ukrayna qaz tranzitini dayandırır: Avropanı nə gözləyir?
2024-cü ilin sonunda Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti başa çatır. Əksər Avropa İttifaqı ölkələri üçün bu vəziyyət problem deyil, lakin Avstriya, Slovakiya və Macarıstanla bağlı vəziyyət fərqlidir.
Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, 2023-cü ildə Rusiya boru kəməri qazının Aİ-yə enerji idxalında payı cəmi 8% təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 40% olub.
Ümumilikdə Aİ üçün Ukrayna ərazisindən qaz tranzitinin əhəmiyyəti yoxdur - 2023-cü ildə qaz idxalının yalnız 5%-i bu marşrutla həyata keçirilib, lakin kəmər Mərkəzi və Şərqi Avropa üçün həyati əhəmiyyət kəsb edir.
Bu il Avstriya 98% Rusiya qazından asılı olduğunu və onun böyük hissəsinin Ukraynadan keçdiyini bildirib. Slovakiya da kəmər vasitəsilə bir neçə milyard kubmetr qaz alıb. Macarıstan Ukrayna vasitəsilə daha az Rusiya qazı alır, lakin ümumilikdə Moskvanın enerji daşıyıcılarından çox asılıdır.
Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq edib ki, Rusiya qazının Ukrayna ərazisindən tranzitindən imtina bu qış Avropa üçün əsas qeyri-müəyyənlik yaradır.
"2023-cü ildə Rusiya qazının Ukrayna ərazisindən tranziti Aİ-nin qaza olan ümumi tələbatının yalnız kiçik bir hissəsini təmin etsə də, tranzitin dayandırılması Mərkəzi və Şərqi Avropanın, eləcə də Moldovanın bəzi bazarlarına əhəmiyyətli dərəcədə təsir göstərəcək", deyə qeyd edilib.
Ukrayna boru kəmərinə arxalanan Aİ ölkələri Rusiya qazını daha yüksək qiymətə satan vasitəçilərdən asılı olmadan, mümkün olan ən aşağı qiymətlərlə alır. Rusiya qazını əvəz edəcək yeni müqavilələr və yeni marşrutlar xərclərin artmasına səbəb olacaq.
Brookings İnstitutunun Enerji Təhlükəsizliyi və İqlim Təşəbbüsünün direktoru Samanta Qross deyib: "Əgər qaz Avropaya LNG şəklində gəlsə, Rusiya boru kəməri qazından baha olacaq. Avropanın Rusiya boru kəməri qazından bu qədər asılı olmasının mühüm səbəbi onun ucuz olmasıdır".
Slovakiya və Avstriya artıq Türkiyə kimi ölkələrlə sövdələşmələr yolu ilə alternativ qaz mənbələri tapıblar. Macarıstan Rusiya qazını Serbiya vasitəsilə ala bilər. İstər daha bahalı LNG olsun, istərsə də Macarıstanda olduğu kimi, bir boru kəmərindən asılılıq olsun, bütün alternativlərin qiyməti var, lakin hər iki halda qaz axmağa davam edəcək.
Qross bildirib ki, Ukrayna qaz kəmərinin itkisi ən çox Mərkəzi və Şərqi Avropada hiss edilsə də, bütün Aİ "dalğa effekti" hiss edə bilər. Mövcud qaz infrastrukturu zəif işləməyə davam etdikcə, bazarlar sıxlaşacaq və təchizat problemləri zamanı səhvlər üçün daha az ehtiyat olacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay