Dəmiryolçu oğlunun dünyanın ən varlı insanı olmaq üçün səyahəti
Dünya onu qısaca “Zara”nın sahibi kimi tanısa da, Amansio Orteqa əslində, “Zara” ilə yanaşı, “Massimo Dutti”, “Pull & Bear”, “Bershka”, “Oysho” kimi bir çox digər markaların da daxil olduğu şirkətlər qrupunun sahibidir. Və sıfırdan başlayan milyarderdir.
Valyuta.az Amansio Orteqanın hekayəsini təqdim edir.
Orteqa 1936-cı ildə ispan dəmiryolçusunun oğlu olaraq anadan olub. Dörd uşağın ən kiçiyi idi. 14 yaşı olanda atasının işi ilə əlaqədar La Korunaya köçmək məcburiyyətində qalanda, Orteqa iş həyatına yerli köynək istehsalçısı üçün kuryer kimi başlamışdı. Yavaş-yavaş dərziliyi öyrənən Orteqa tezliklə ailəsi ilə birlikdə kiçik dərzi dükanı açır. Burada o, əl istehsalı paltar, xalat və bu qəbildən olan digər geyim əşyaları istehsal edir. Lazım olanda, tikiş işini bilən şəhər qadınlarının köməyini alırdı. Kiçik bir ailə müəssisəsi kimi başlayan bu dərzi dükanı illər sonra İspaniyanın ən böyük moda şirkəti olacaqdı.
Orteqanın strategiyası
Nəhayət, 1975-ci ildə ovaxtkı həyat yoldaşı Rosaliya ilə birlikdə “Zara” adlı brend yaratdı. Birlikdə geyimdən əlavə gecə köynəyi, alt paltarı və uşaq geyimləri istehsal etməyə başladılar. Elə həmin il “Zara” İspaniyada ilk mağazasını açdı. Təşəbbüs sürətlə böyüyürdü və brend haqqında getdikcə daha çox danışılırdı.
Bəs Orteqanın strategiyası nə idi ki, “Zara” belə heyrətamiz sürətlə böyüdü? Çünki brend dəbli geyimlər təklif etsə də, orta təbəqənin gəlir səviyyəsinə müraciət edirdi. Bu, həm də pula qənaət etməli olan bir təbəqə üçün idi.
Strategiya belə idi: “Moda həftələri”ndə baxdığımız bütün modelləri münasib qiymətə təqlid edirdi. Üstəlik, bu modelləri cəmi 2 həftə sonra rəflərdə görərdiniz. Bu, orta təbəqə istehlakçıları üçün görünməmiş hadisə idi.
Sürətli moda...
Bundan əlavə, Ortega pərakəndə satışa “sürətli moda” anlayışını da təqdim etdi. Bu nə deməkdir? Moda dünyası mahiyyətcə iki əsas kolleksiyadan ibarətdir: “yaz-yay” və “payız-qış”. Bu modeldə siz davamlı olaraq rəflərdə yeni məhsullar görürsünüz, köhnələr tez endirimlə satılır, hər şeyin saxlama müddəti qısadır və çox sürətli dövriyyə var. “Zara”dan sonra sürətli moda modeli bir çox digər böyük brendlər tərəfindən həyata keçirildi və hələ də tətbiq olunmaqdadır.
Amansio Orteqa hazırda dünya pərakəndə geyim bazarının 59,3 faizinə sahibdir. Qalisiyanın yağışlı şimal hissələrində başlayan bu təvazökar macəra indi 90-dan çox ölkədə 6000 mağazaya çatıb. Orteqanın işinə nə qədər ciddi yanaşdığını belə anlaya bilərik:
“Inditex” əməkdaşlarının sözlərinə görə, Orteqa bir çox menecerdən çox mağazalardakı satış işçilərinin şərhlərinə və rəylərinə güvənir, onların sözlərinə qulaq asır.
Əlbəttə ki, güclü iş adamları daşınmaz əmlaka olan maraqları ilə də tanınırlar, çünki onlar düzgün investisiyanı yaxşı bilirlər. Orteqa, həmçinin ümumi dəyəri 10 milyon dollar olan bir sıra daşınar və daşınmaz əmlaka sahibdir. Əlavə edək ki, bu dəyər hər il artır.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay