Saxta çekləri nağdlaşdıran, hökumətlə əməkdaşlıq edən istedadlı fırıldaqçı - Frank Abaqnal
Frank Abaqnal bütün dünyada məşhur fırıldaqçı kimi tanınır.
Valyuta.az xəbər verir ki, 1960-cı illərdə, gənc olmasına baxmayaraq, saxta çeklərlə milyonlarla dollarlıq fırıldaqlar edərək, FTB-nin ən çox axtarılanlar siyahısında idi. Abaqnalın hekayəsi, real həyata əsaslanan kitab və "Bacarsan məni tut" (“Catch me if you can”) filminin mövzusu olmuşdu.
1948-ci ildə Nyu Yorkda anadan olan məşhur fırıldaqçı, 16 yaşında orta məktəbi yarımçıq qoyduqdan sonra özünü fırıldaqçılıq dünyasına atır. Onun ən diqqət çəkən cinayətlərindən biri saxta çeklərlə bankları aldatmaq və külli miqdarda pul əldə etmək olub. Bu müddət ərzində özünü həkim, pilot və hüquqşünas kimi təqdim edərək dələduzluq fəaliyyəti göstərir. Abaqnal saxta çeklərlə kifayət qədər məharətlə davranırdı. O, qanunsuzluqla bank hesabları açıb, pul yatırırdı. Gənc yaşına baxmayaraq, banklar ona nağd çekləri etibar edirdilər. Bundan sui-istifadə edən fırıldaqçı saxta çeklər hazırlayaraq ümumilikdə 2,5 milyon dollara yaxın pul əldə etməyi bacarıb.
Abaqnalın uğurlu fırıldaqçılıq karyerası, o, həbs olunana qədər davam edib. Nəhayət, 21 yaşında, dələduzluqda təqsirli bilinərək FTB tərəfindən məhkəməyə verilib və 12 il müddətinə azadlıqdan məhrum edilib. Bununla belə, o, cəzasının bir hissəsini həbsxana əvəzinə FTB ilə əməkdaşlıq etməklə keçirib. Yəni, belə desək, dövlət onun istedadından yararlanıb.
Frank Abaqnal fırıldaq dünyasında ağlı və istedadı ilə birlikdə təqdirəlayiq şəkildə qiymətləndirilib. Onun, öz həyatından bəhs edən “Bacarsan məni tut” kitabı insanları necə aldatmaq və fırıldaqçılıqla hansı şəkildə mübarizə aparmaq barədə mühüm bələdçi hesab olunur. Bundan əlavə, onun hekayəsi 2002-ci ildə eyniadlı filmə çevrilərək, uğurla ekranlara köçürülüb. Film Abaqnalenin həyatını və saxta macəralarını tamaşaçılara çatdırıb. O, özünəməxsus istedadı və qeyri-adi hekayəsi ilə fırıldaqçılıq tarixinin ən məşhur simalarından biri kimi, həm hakimiyyətin, həm də ictimaiyyətin diqqətini cəlb etməyi bacarıb. Abaqnalın hekayəsi bu cür cinayətlərin necə həyata keçirldiyini anlamaq və onlara qarşı tədbir görmək üçün bir xəbərdarlıq rolunu oynayır. Onun həmin illərdə 2,5 milyon dollarlıq saxta çeki uğurla nağdlaşdırması hekayəsi həm maraqlı, həm də ibrətamiz nümunədir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay