Agile transformasiya biznesinizə nə qazandıracaq?
Qismət Babayev
Transformasiya üzrə ekspert
Günümüzdə trend olan və hətta bəzi fərdlər - şirkətlər tərəfindən dəb vasitəsi kimi istifadə edilən Agile və onun biznesə faydaları haqqında danışmazdan əvvəl sözün semantik mənasını izah etmək istərdim. “Agile” ingilis sözü olub çevik, qıvraq mənalarını ifadə edir. Düşüncə tərzi olaraq, bizi ətrafımızda baş verənlərə çevik reaksiya verməklə özümüzü - şirkətimizi potensial risklərdən qorumağa və ya imkanlardan maksimum faydalanmağa kökləyir.
Agile transformasiya mövzusunda cəmiyyətimizdə fərqli fikirlər dolaşır. Çox faydalı olduğunu deyənlər də var, əlavə başağrısından başqa bir şey olmadığını iddia edənlər də. Həqiqətin nədən ibarət olduğunu müəyyən etmək üçün özümüzə düzgün suallar verməliyik. Necə deyərlər “doğru cavaba yox, düzgün suala fokuslanmaq” lazımdır. Agile düşüncə tərzindən və transformasiyadan gözləntimiz nədir? Transformasiya yoluna niyə çıxırıq (məqsəd) və doğru istiqamətdə olduğumuza necə əmin olacağıq (metrik)? Hansı miqyasda başlamalıyıq və müəyyən yol qət etdikdən sonra miqyası hansı şəkildə dəyişəcəyik?
Sadəcə, “qonşudan qalma geri” prinsipi ilə transformasiya adı altında işlər görərək daha da vəziyyəti çətinləşdirəndən sonra yaranan başağrısının Agile düşüncə tərzi ilə heç bir əlaqəsi yoxdur. Düzgün hədəfi, aydın vizyonu, sistemli yanaşması və müvafiq istedadları olan şirkət adətən Agile transformasiya mövzusunda problem yaşamır. Çətinliklər qarşıya çıxa bilər, amma bu çətinliklər onların daha böyük nəticələr əldə etməsi üçün dərsə çevrilir. Qeyd edilən meyarlar olmadan transformasiya niyyətli hər hansı təşəbbüsə başlamaq “qaranlıq tunelə fənərsiz və kompassız daxil olmağa” bənzəyir.
Bəs Agile transformasiya bizə hansı faydaları vəd edir? İlk olaraq onu qeyd edim ki, Agile manifestin (2001-ci ildə qəbul edilib) dəyərlərində əksini tapan əsas məqamlar müştəri mərkəzli yanaşma, insanların bir-biri ilə vasitəsiz ünsiyyəti, “az olsun, saz olsun” prinsipi ilə real işlək məhsula fokuslanmaq və nəhayət, yaranan istənilən reallıq qarşısında özümüzü itirmədən uyğunlaşmaqdır.
Lean Startup kitabının müəllifi Erik Raysın yaxşı bir ifadəsi var: “Rəqabətdə önə çıxmağın yeganə yolu başqalarından daha sürətli öyrənməkdir”. Yəni, müştərinin ehtiyaclarını rəqiblərinizdən daha tez anlayan peşəkar komandanız varsa, siz ən doğru həlli ən tez bazara təqdim edə biləcəksiniz. Hətta, kritik vəziyyətlərdə belə ciddi dəyişikliyə getmək müzakirə mövzusu olarsa, sizin buna fiziki-psixoloji hazır olmağınız sizi emosional qərarlardan uzaq tutacaq və rasional addımlarınız sizi bazarın lideri edəcək.
Agile transformasiyanın biznesə faydası yalnız işlərin görülmə şəklinin dəyişməsindən ibarət deyil. Bu, bir mədəniyyət transformasiyasıdır. Korporativ mədəniyyətinizin agile düşüncə tərzinə uyğunlaşması artıq sizin liderlik anlayışınızın dəyişməsinə, təşkilati strukturunuzun yastılaşmasına, açıq ünsiyyət və güvən mühitinin formalaşmasına, kontroldan kontekst idarəetməsinə (deleqasiya) keçidinizə imkan verəcək.
Agile transformasiyanın faydaları haqqında çox danışmaq olar. Önəmli olan hər şirkətin öz ehtiyaclarına, məqsədlərinə, gələcəyə baxışına uyğun strategiyasını formalaşdırması və düzgün insanlarla yola çıxmasıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay