Yalnız maddi vəziyyəti yaxşı olan şəxslər uğurlu insan sayılır?
Bəzən bir şəxsin evi, maşını yoxdursa, yaxud maddi olaraq müəyyən imkana sahib deyilsə, onu uğurlu şəxs kimi qəbul etmirlər. Uğurlu insandırsa, niyə maddi vəziyyəti yaxşı deyil? - kimi ifadələr səsləndirirlər. Cəmiyyət arasında “Uğurlu insanın maddi vəziyyəti çox yaxşı olmalıdır” - deyə, fikir formalaşıb.
Ümumiyyətlə uğurlu insan profili nədir və insanlar uğurlu olub-olmadığını necə müəyyənləşdirə bilərlər?
Bu barədə Valyuta.az-a danışan "SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov da uğurun şərti anlayış olduğunu və bunun standartı olmadığını qeyd edir:
“Hər kəsin uğur və xoşbəxtlik düsturu da fərqlidir. Bəzi şəxslər üçün uğursuzluq hesab olunan hal, başqa birinin arzusu ola bilər. Zahiri görünüşlə uğurun heç bir əlaqəsi yoxdur, kimsə avtobusdan, metrodan və ya fərdi avtomobildən istifadə edirsə, bunu uğurlu olub-olmamaq ilə əlaqələndirmək düzgün deyil. Zahirdən görünən faktorlar uğurun göstəricisi deyil”.
İdarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir bildirir ki, uğurlu olmaq sadəcə çox pul qazanmaq demək deyil:
“Uğurlu olmağın göstəricisi işini yüksək səviyyədə görmək üçün maksimum səy göstərmək, cəmiyyətin əxlaqi dəyərlərinə uyğun olaraq işləmək, özünü inkişaf etdirməkdir. Avtomobil, ev sahibi olmaq uğurun göstəricisi deyil. Qeyri-etik yollarla, başqalarının haqqını tapdalayaraq avtomobil və ya ev sahibi olduğu zaman cəmiyyət içində uğur sayıla bilər, amma əxlaqi dəyərlərə görə bu, uğur deyil”.
Təlimçi deyir ki, ev, avtomobil sahibi olmaq üçün müəyyən bir zaman da tələb olunur. Ona görə, uğuru bu amillərlə bağlamaq doğru olmazdı:
“Məsələn, 21-22 yaşında iş həyatına başlayan insanın bunlara sahib olması üçün ən azı 7-8 il vaxt lazımdır. Bunun üçün o müəyyən mərhələlərdən keçməli, vəzifəsi yüksəlməli, lazım olarsa, iş yerini dəyişməli və çox əməkhaqqı alaraq bunlara nail olmalıdır.
Çünki, yerləşdiyimiz coğrafiyaya baxan zaman 34-35 yaşından əvvəl insanların mülk sahibi olmaq imkanı fiziki və maddi cəhətdən mümkün deyil. “Bir ölkədə hamı ev və ya avtomobil sahibi olmalıdır” - deyə, bir şey yoxdur. İnsanlar etika çərçivəsində işlədiyi zaman, işlərini düzgün edib alın təri ilə pul qazandığı, başqalarının haqqlarına girmədən özləri və ailələri üçün çalışdığı və əzmkarlıq göstərdikləri zaman uğurlu hesab olunurlar”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay