Latviyanın kənd təsərrüfatı nazirinin müavini AZPROMO-da olub
Kənd təsərrüfatı məhsullarının ticarətinin artırılması imkanlarına dair fikir mübadiləsi aparılıb, bu istiqamətdə Latviyaya ixrac missiyasının təşkil olunması planlaşdırılıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Azərbaycanda səfərdə olan Latviyanın kənd təsərrüfatı nazirinin müavini Normunds Şmitsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyəti, ixracın təşviqi mexanizmləri, o cümlədən "Made in Azerbaijan" brendi və logistikanın subsidiyalaşması barədə məlumat verib. Bildirilib ki, yerli ixracatçıların Latviya bazarına çıxış imkanlarının araşdırılması və genişləndirilməsi, o cümlədən ölkəmizin məhsullarının təqdim edilməsi məqsədilə Latviyaya ixrac missiyasının təşkil olunması planlaşdırılıb. Bununla yanaşı, Latviyanın ənənəvi qida məhsullarının ölkəmizin bazarına girişini təmin etmək üçün latviyalı sahibkarlar bu ilin may ayında keçiriləcək “InterFood Azerbaijan” sərgisində iştirak etməyə dəvət olunublar.
Kənd təsərrüfatı nazirinin müavini Normunds Şmits Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarına Latviyada əhəmiyyətli tələbin olduğunu qeyd edib, idxalçılar və ixracatçılar arasında əlaqələndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. Nazir müavini əlavə edib ki, qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti kimi sahələrdə əməkdaşlığın intensivləşdirilməsi yerli şirkətlərin Latviyaya ixracını stimullaşdıracaq. Bu kontekstdə hər iki ölkədə fəaliyyət göstərən sahibkarların əlaqələndirilməsi çərçivəsində tərəflər arasında potensial ixrac və idxal oluna biləcək məhsullar üzrə məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay