Ticarətin sirri, tacirin məntiqi
Dövlət Gömrük Komitəsinin Akademiyasının Gömrük işi və idarəetmə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Elvin Əlirzayev Valyuta.az üçün yazır...
Ticarət, alqı-satqı deməkdir. İqtisadiyyatda isə bir neçə sektor var. Bunlardan ən önəmlisi istehsalatdır. Burada fabrik və zavodlarda sənaye prosesindən keçərək yeni məhsul (product) istehsal olunur. Bununla yanaşı, hasilat vardır ki, istehsalata bənzər şəkildə, lakin proses keçmədən birbaşa həmin təbii sərvətin çıxarılması başa düşülür və bu da yeni məhsul sayılır. Digər tərəfdən, kənd təsərrüfatı sahəsində məhsul buraxılışı da (produce) önəmli istehsalat növüdür.
Bunlar içərisində iqtisadi baxımdan ən əhəmiyyətlisi emal məhsuludur. Belə ki, xammal, yaxud yarım-fabrikat məhsul sənaye prosesindən keçərək son məhsula çevrilir. Bu məhsul əl əməyi və zehni fəaliyyətin nəticəsidir. Bu baxımdan daha bahadır. Eləcə də, müəyyən məqsəd üçün emal edildiyindən daha baha satılır. Məsələn, nefti yeraltından, sualtından çıxarmaq hasilat sayılır, ondan benzin, dizel və digər PVC, plastmassa məhsulları almaq isə emal sənayesinə daxildir.
Həmçinin, kənd məhsullarını sənaye prosesindən keçirərək ağartı məhsulları, konservlər hazırlanır.
İqtisadiyyatın əsası istehsalat sayılsa da...
İqtisadiyyatın əsası istehsalat sayılsa da, əsrlərdir mərkəzdə ticarət dayanır. Ticarət, hazır bir məhsulun istehsal yerindən başqa yerdə satılmasıdır. Başqa sözlə, ticarət logistik xidmətlə ortaya çıxır. Ticarətlə məşğul olan tacir, malın ucuz olduğu, az dəyərli olduğu yerdən alıb daha bahalı, yaxud dəyərli olacağı yerdə satmağa çalışır. Tacir istehsal, yaxud emal etmədən hazır məhsulu uzaq yerlərdən satacağı (yaşadığı) yerə gətirir.
Qloballaşmanın iqtisadi sərhədləri ortadan qaldırdığı bir dönəmdə ticarət istehsalata ziyan vurur. Çünki hansısa bir yerdən (bazardan) həmin ümumi məhsul daşıma xərcləri və sahibkarın qazancını da nəzər almaqla bərabər gətirilib satmağa dəyir. Bu proses davam etdikcə, yerlərdə həmin məhsulun istehsal edilməsi ağla gəlmir. Ta ki, istehsalat bölgəsində problem yaşanır və artıq həmin məhsul gəlmir, ya da baha gəlir. İdxalata dayalı iqtisadiyyatlar da belədir. Onlar idxala elə öyrəşiblər ki, həmin ölkələrdəki istehsalata bağlı olduqlarını görmürlər. Ancaq devalvasiya olanda (artıq həmin mallar milli valyutada daha baha başa gəlir) fabrik zavod açıb həmin sadə məhsulları istehsal etmək fikri yaranır.
Bənzər məhsulları satanlar yox, fərqli məhsullar istehsal edən ölkələr...
Ticarət, qütblər arasında daha yaxşı baş tutur. Bənzər məhsulları satanlar yox, çox fərqli məhsulları istehsal edən bölgələrin ticarəti daha uzunmüddətli olur. Buna ən maraqlı misal tarixi İpək Yoludur. Belə ki, Hindistan və ətraf regionların istehsal etdiyi ədviyyat, ipək, bəzəkli əşyalar Avropa ölkələri üçün maraqlı idi, eləcə də Avropanın sənaye malları həmin regionda yox idi və onlara cəlbedici gəlirdi. Beləcə, bu ticarət başladı və davam edir. Çünki məsələ qarşılıqlı olaraq alqı-satqıdır.
Ticarət çətinləşir
Tacir, başqasının istehsal etdiyi malı alıb öz adından satan şəxsdir. Tacir, əsasən uzaq bölgələrdən böyük həcmdə malları alaraq öz bölgəsində satır. Əsas marağı da, əhalinin ehtiyacına görə az miqdarda satmaqla əldə etdiyi əlavə qazancdır. Deməli, tacir bir yerdən tonlarla alıb, çox sayda müştəriyə zamanla kilolarla satır. Kilo başına topdan 1 manata alıbsa, müştəriyə kilosunu 2 manata satmaq istəyər. Çünki müştərinin nə vaxt gələcəyi, neçə kilo alacağı bilinmir və satıcı bu qazancla dolanmaq istəyir. Satıcıya desən ki, mən 10 kilo (bir kisə) alacam. Onda satıcı 1.5 manata verə bilər. Əgər 20 kilo istəsən, kilosunu 1.3 manata verə bilər. Buradan görsənir ki, satıcı kilo-kilo satmaq istəyər və bəzən topdan satmaq istəmədiyi üçün isə eyni qiyməti deyər.
Ticarət etmək riskdir. Hazır müştəri sifarişi yoxdursa, məhsulun xarab olma, saxlanma müddətinin bitməsi ehtimalı gözlənilən risklərdir. Bundan başqa, qaytarılma, zay olma, keyfiyyətin azalması, mövsümünün bitməsi əlavə faktorlardır.
Buna görə, nisyəyə, ucuza, (mayasını çıxardandan sonra) axırda lap ucuza satmaq istəyər.
Ticarətdə proses belə işləyir: ilk gün təzə mal ən yüksək qiymətə qoyulur. Satılsa, nə yaxşı, qazanc var və 2-ci dövr (partiya) üçün sifariş verilir. Satış az olsa, onda satıcı qiyməti bir az aşağı salır və beləcə yeni bazar qiyməti ortaya çıxır. Qiymət, satılmama riskinin artıb-azalmasına görə dəyişir.
Ticarət çətinləşir. Artıq satıcı malı satmaq üçün çalışmalıdır. Satış yeri sabitdir, müştərilər gəlir-gedir. Oturub müştəriləri gözləmək əvəzinə, texnologiyadan da istifadə edərək artıq satıcı onlara gedə bilir. Rəqiblərin artmasıyla da, alıcının “nazı” ilə oynamaq lazımdır. Sata bilmək üçün, pulsuz çatdırılma, endirim, üstündə hədiyyə də verilir. Yəni, bir tərəfdən tonlarla alan tacir, onu gətirib kilo ilə sata bilmək üçün də əlavə xidmət, xərc etməlidir.
Ticarət asanlaşır
Ticarət asanlaşır. 90-cı illərdə bir mağaza sahibi müxtəlif topdançı və idxalatçılardan ayın (həftənin) əvvəli gedib bir-bir gəzərək alıb öz maşınıyla (yoxdursa taxi ilə) yığıb gətirib ədədlə satırdı. İndi isə, topdançılar (bunların çoxu elə idxalatçıdır) özləri satdıqları məhsulları kiçik dükanlara (sonradan ödəmə şərtilə) paylayır və (ən yaxşı halda) növbəti dəfə mal gətirəndə ödənişi toplayır. Artıq tacir sərmayə qoymadan və başqa riskləri düşünmədən əsl işi olan vasitəçi (aracı) kimi (alqı-satqıda) aradakı qiymət fərqindən qazanca fokuslanır və necə daha çox və daha baha satmağın yollarını axtarır.
Əsrlərdir tacirlər, istehsalçıların sayı çox olduğundan və satış bacarıqları olmadığından, eləcə də bazarlar formalaşmadığından onları aldadaraq, istehsal etdiklərinin adi, hətta dəyərsiz olduğuna inandıraraq, məhsulu (bacardığı qədər) ucuza almış və ən münasib bazarları taparaq ən baha qiymətə satmağa çalışmışlar. (dahi yazıçı Mir Cəlalın “İtə ataram, yada satmaram” fikrini xatırlayın!) Amma artıq istehsalçının öz məhsullarını tacir kimi vasitəçiyə əlavə vəsait qazandırmadan satmaq imkanı vardır. Beləcə, tacirlərin əvvəlki kimi bazarlardan xəbərsiz adam tapa bilmirlər. Qapı-qapı dolaşaraq, hətta özləri tarladan, bağdan yığaraq, fərqli bölgələrdə kiçik qazancla satmağa çalışırlar.
Ticarətin sirri müştərini al(dat)mağa yönəltməkdir. Yaxşı tacir, yanındakı mağazalarla rəqabət apara bilmək üçün digərlərindən fərqli (özəlliklərə sahib) malları satar. Pis tacir, satdığı malın digər mağazalardakılarla eyni olduğuna inandırıb daha ucuz satdığını deyərək satar. Rəqabət şəraitində davamlı satmaq üçün müştərilərin profillərinə və öncəliklərinə görə mallar gətirib, kiçik qazancla satmaq lazımdır.
Ticarət bərəkətdir
Ticarət bərəkətdir. Satılacağını bilmədən bütün işi bu olan tacir ümidlə səhər tezdən dükanı açır və son müştəri gələnə (axşama) qədər gözləyir. Həyatını dolandırmaq üçün, eləcə də işçilərə maaş vermək üçün müştəriləri cəlb etmək və satmağa çalışır. Bəzən işlər gözlənildiyi kimi getmir. Hava şəraiti, qeyri-iş günü və saatı tacirin xeyrinə olmur. Bəzən isə, satışları “çatdırmaq” üçün dayanmadan işləyir, lakin yorulmur. Yəni ki, standart satış yoxdur, ola bilər ki, tacir siftə etmədən həmin gün dükanı bağlasın və sabah 2-3 satış etsin. Eynən həyat kimi. Lakin tacir bu riski gələcəyə inanaraq aparır və nəticədə gözlədiyindən də çox qazanc əldə edə bilir. Bu həvəs onu bu işə davam etməsinə aparır. Başqa sözlə, maaş alan üçün həyat səviyyəsi standartdır. O eyni səviyyədə qazanır və xərcləyir.
Ticarətdə isə elə bərəkət var ki, qazancı dəfələrlə üstələmək olar. Bütün varlı insanlar ticarətlə o sərvəti əldə etmişdir. Qazancın üstünə qazanc gətirərək, həmin pulu təkrar ticarətə qataraq böyük işlər görüblər. Başqa sözlə, ticarətdə yerində durmaq (saymaq) yoxdur. Bir müddət, sakitlik olarsa, tacir işini, yerini dəyişər. Çünki tacirlik ruhunda standart qazanc yoxdur. O daima daha çox qazanmaq, işi böyütmək istəyir. Belə hərəkətli işdə də bərəkət vardır.
Ticarət, başqa biri istehsal etdiyi müddətcə davam edəcək. Lakin ondan asılı qalacaqsan. Özün istehsal etdiyini satmaq isə, həm maddi, həm də mənəvi faydadır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay