Birjalarda son durum necədir?
Bu həftə investorlar Federal Ehtiyyatlar Sisteminin Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısının və faiz qərarının ön planda olduğu zəngin iqtisadi təqvim fonunda ciddi ticarət fürsətləri əldə edə bilərlər. ABŞ-da cümə günü əmək bazarı, xüsusilə də “NFP” hesabatı açıqlanacağı halda, "Möhtəşəm Yeddilik"-in son şirkətləri qazanc hesabatlarını açıqlayacaqlar. Həmçinin, Avrozonada yaxından izləniləcək iqtisadi məlumatlar dərc olunacaq.
FED-in faiz qərarı
Çərşənbə günü Federal Ehtiyyatlar Sisteminin Federal Açıq Bazar Komitəsi iki günlük monetar siyasət iclasını başa vurduqdan sonra, investorlar mətbuat konfransında sədr Cerom Pavelin açıqlamalarında FED-in bu il hansı mərhələdə faiz dərəcələrini azaltmağa hazırlaşdığına dair ipucları arayacaqlar. Qeyd edək ki, ötən həftə FED sədri Cerom Pavel Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini endirməzdən əvvəl inflyasiyanın 2% hədəfinə doğru getdiyinə daha çox inandırıcı faktor tələb olunduğunu söylədi.
Cümə günü açıqlanan Mart ayı inflyasiya məlumatlarının ümumiyyətlə konsensusa uyğun olması sentyabr ayında ilk faiz endirimi ilə bağlı bazar gözləntilərini çox az dəyişdi.
Əmək bazarı və inflyasiya göstəriciləri artmağa davam etdikcə faiz dərəcələrinin azaldılması ehtimalları da azalıb. Maliyyə bazarları ilkin olaraq mart ayında ilk faiz endiriminin ediləcəyini proqnozlaşdırırdılar. Bu ehtimal əvvəlcə iyuna, sonra isə sentyabra təxirə salındı.
Non-Farm Payrols
Cümə günü açıqlanacaq aylıq əmək bazarı hesabatı ABŞ əmək bazarının gücü ilə bağlı yeni perspektiv təqdim etsə də, iqtisadçılar martda 303 min artan məşğulluğun, apreldə 243 min olacağını proqnozlaşdırırlar. İşsizlik səviyyəsi ilə bağlı ehtimallar isə 3.8% səviyyəsində sabit qalacağı yönündədir.
Özəl Sektorda Yeni Yaranan İş Yerlərinə dair “ADP” məlumatları, həmçinin “JOLTS” Boş İş Yerləri və Vakansiyalar hesabatı, eləcə də, faiz endirimi ehtimallarını gücləndirməyə kömək edəcək digər önəmli iqtisadi statistik rəqəmlər yayımlanacaq.
Texnologiya şirkətlərinin qazanc hesabatları
Keçən il fond birjalarının yüksəlməsinə səbəb olan "Möhtəşəm Yeddilik"-in son adları “Amazon” çərşənbə axşamı (AMZN), “Apple” isə cümə axşamı rüblük gəlir hesabatlarını dərc edəcəklər.
“Apple” səhmləri (AAPL) bu il indiyədək 10%-dən çox ucuzlaşıb və Çində smartfon tədarükünün 19% azalmasından sonra “iPhone” istehsalçısının birinci rübdə qazancında azalma müşahidə edəcəyi ehtimal edilir.
“Amazon”-un bulud hesablama biznesi əsas proritet olsa da, investorlar onlayn pərakəndə satış nəhənginin istehlakçı xərcləri haqqında nə deyəcəyini də yaxından izləyəcəklər.
Cümə axşamı “Microsoft”-un (MSFT) və “Google”-nin ana şirkəti “Alphabet”-in (GOOGL) balans hesabatları “S&P500” indeksinin noyabr ayından bəri ən böyük həftəlik qazancını əldə etməsinə kömək etdi.
Ancaq “Tesla” (TSLA) və “Facebook”-un ana şirkəti “Meta Platforms” (META) kimi bəzi şirkətlər isə qarışıq bir performansa sahib oldular.
EUR
Çərşənbə axşamı günü açıqlanacaq Almaniyada və Avrozonada inflyasiya və Avrozonada ÜDM-in həcminə dair məlumatlar, ehtimal ki, Avropa Mərkəzi Bankının iyun ayında faiz dərəcələrini aşağı salacağı ilə bağlı bazar proqnozlarına yön verə bilər.
Keçən ilin sonunda inflyasiya kəskin şəkildə azalmağa başladı və ECB iyun ayında faiz dərəcələrini azaltmağı planlaşdırdığını bildirdi. Lakin, uzunmüddətli perspektivdə vəziyyət yüksələn enerji xərcləri, inadkar yüksək xidmət inflyasiyası və ticarət proseslərini pozmaq təhlükəsi yaradan davamlı geosiyasi gərginliklər səbəbindən qaranlıq olaraq qalır.
İqtisadçılar Avrozonada Ümumdaxili Məhsulun Həcminin birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.2% artacağını ehtimal edirlər.
Enerji xərclərinin artması səbəbindən aprel ayında istehlak qiymətlərinin əvvəlki ayla müqayisədə 2.4% artdığı təxmin edilir.
Ötən həftəyə 1.0655 səviyyəsindən start verən EURUSD məzənnəsi həftə ərzində 1.0750 həddini test etsə də, burada müqavivətlə qarşılaşaraq ucuzlaşmış və həftəlik şamını 1.0690 səviyyəsində tamamladı. “Ayılar” qiyməti 1.07$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.
GBP
İngiltərədə cari həftənin cümə günü açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri GBPUSD məzənnəsində tendensiyanın gedişinə ciddi təsir edə bilər. Ötən həftəyə 1.2365 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftəlik şamını 1.2490 səviyyəsində tamamladı. “Ayılarlar” qiyməti 1.25$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
NEFT
Ötən həftənin cümə günü neft qiymətləri ABŞ Maliyyə Nazirinin Amerika iqtisadiyyatının son məlumatlara görə daha güclü mənzərə nümayiş etdirdiyinə dair şərhlərindən sonra, cüzi şəkildə yüksəldi. Bu müsbət atmosferlə yanaşı, Yaxın Şərqdəki münaqişələr səbəbindən davam edən tədarük narahatlıqları da neft qiymətlərinin artmasına səbəb olub.
“Brent” tipli xam neft 34 sent və ya 0.38% artaraq 89.35 dollar/barelə, ABŞ-ın “Qərbi Texas” (WTI) markalı xam nefti isə 33 sent və ya 0.39% artaraq 83.90 dollar/barelə çatıb.
Təhlillərə əsasən “Brent” nefti 90$, “WTI” nefti isə 85$ səviyyəsinin üzərində möhkəmlənə bilsə, bahalaşma davam edə bilər.
XAUUSD
Ötən həftəyə enişlə başlayan və 2291$ səviyyəsini test edən qızıl, açıqlanan qlobal iqtisadi göstəricilər və geosiyasi proseslər fonunda bir qədər bahalaşdı və həftəlik şamını 2337$ səviyyəsində tamamladı. Ehtimal olunur ki, bu həftə Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ), Avrozodana yayımlanacaq ÜDM-in həcmi və CPİ məlumatları və Amerikada dərc olunacaq əmək bazarı, xüsusilə “NFP” göstəriciləri, eləcə də, “Conference Board” İstehlakçıların İnam İndeksi və “JOLTS” Boş İş Yerləri və Vakansiyalar hesabatları fonunda qızıl qiymətlərində müşahidə olunan kəskin dalğalanmalar davam edə bilər.
© investaz.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay