"Yalnız istehlak kreditlərinə arxalanmaq banklarımızı iflas edə bilər" - Ekspert
2020-ci il pandemiyanın yayılması səbəbilə dünya ölkələrində, o cümlədən Azərbaycanda bütün sektorlar kimi bank sektoru üçün də uğursuz il oldu.
2021-ci il ərzində kredit portfelinin əhəmiyyətli səviyyədə artması ehtimalları yoxdur. Kredit faizlərinə təsir göstərən əsas məsələ kreditə tələbat və bank sistemində likvidliyin yüksək olmasıdır. Bu gün likvidlikdə kəskin artım yoxdur, banklarda depozitlərin həcmi kəskin artmır. Vaxtı keçmiş kreditlər və bank fazilərinin yüksək olması Azərbaycan üçün problem olaraq qalmaqdadır.
Maliyyə mütəxəssisi Samirə Kazımova Valyuta.Az-a ölkədə problemli kreditlərin və yüksək kredit faizlərinin yaranma səbəbləri barədə danışıb.Azərbaycanın bank bazarını Avropa ilə müqayisə edib.
"Öncə gəlin 2 anlayışı izah edək. Birincisi, niyə problemli kreditlər formalaşır, ikincisi yüksək faiz dərəcələri nə üçün yaranır? Banklar əmanətçilərdən, müxtəlif beynəlxalq təşkilatlardan, maliyyə qurumlarından kapitallaşırlar. Toplanan vəsaiti bank istifadə edir və öhdəliyi var ki, onları qaytarıb geri qoya bilsin, həmçinin faizi ödəsin. Bank toplanan vəsaiti qısa müddətdə iqtisadiyyatda reallaşdırmaqda maraqlıdır. Təsəvvür edin bu gün kapitallaşmanın həcmi 23,5 milyard manata yaxındır. O bu vəsaiti reallaşdırmayanda öhdəliyi artmağa başlayır. Banklar pulu satanda ilk növbədə ödəmə qabiliyyəti yüksək müştərilərə üstünlük verir. Lakin əldə pul qaldığına görə, ödəmə qabiliyyəti zəif olan insanlara da üz tutulur. Bu da problemli kreditlərin yaranmasına səbəb olur.
İkinci məsələ. Yüksək faiz dərəcələri ona görə formalaşır ki, bankın heç vaxt pulu olmur, o pulu toplayır. Bank həmin vəsaiti pulla alır, yəni faiz dərəcəsiylə. O vəsaitləri bank cəlb edə bilmək üçün yüksək faiz dərəcəsi təklif etməlidir. Bank yüksək faizlə pul alırsa, təbii ki, həmin pulu satanda da yüksək faizlə satır. Ortalama7 faizlə cəlb edib, 16 faizlə təqdim edirlər. 7-8 faiz pul qazanırlar. Bu pulla maaşlar təmin edilməli, bankomatlar doldurulmalı, bütün xərclər nəzərə alınmalıdır”,- deyə ekspert qeyd edib.
Samirə Kazımova bildirib ki, Azərbaycanda faiz dərəcələrinin yüksək olmasını ölkədəki iqtisadi şərait şərtləndirir. O, dünya ölkələri ilə müqayisə apraraq fikrini belə izah edib.
“Azərbaycan şəraiti buna vadar edir. Bizim üçün normaldır. Çünki bizdə banklar bazara yalnız kredit çıxarmaqla maliyyələşirlər, onun da böyük qismi istehlak kreditlərinin payına düşür. Avropada isə bank bazara bir yox, bir neçə növ məhsul çıxarır. Avropada təkcə kreditlərlə maliyyələşmək köhnə dövrdə qalıb, biz isə yalnız bu vasitədən istifadə edirik. Bizdə iqtisadi şəraitin gətirdiyi vəziyyətdən asılı olaraq, belə yaranır. Avropa ölkələrinə oxşamaq istəyiriksə, kredit bazarı ilə yanaşı səhm, istiqraz bazarları inkişaf etdirilməlidir. Xalis mənfəətdə iştirak haqqı yaradılmalıdır. Bəzən hesab edirlər ki, xalis mənfəətdə iştirak bank sektoruna mənfi təsir edəcək. Bu belə deyil. Banklara iştirak imkanı yaradılmalıdır. Azərbaycanda elə banklar var ki, həm bankdır, həm sığorta əməliyyatlarında, həm qiymətli kağızlar bazarında iştirak edir. Həmin müəssisələri qurmaqla lizinqlər yolu ilə maliyyələşmə işləri də həyata keçirib inkişaf edə bilərlər. Bir hesablama həyata keçirmişdik. Almaniyada 3-4 faizlə əmanət qoymaq Azərbaycanda 8 faizlə əmanət qoymaqdan sərfəlidir. Orda əmanətçi daha çox pul qazanır. Buna inflyasiya qiymətlərinin indeksasiyası təsir göstərir. Faiz dərəcələri inflyasiya dərəcəsinin göstəricisidir. Pandemiya göstərdi ki, yalnız istehlak kreditlərinə arxalanmaq banklarımızı iflas vəziyyətinə gətirib çıxara bilər. Ona görə bankların bazarda təqdim etdiyi məhsulların növünü artırması vacibdir”
İlhamə
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay