Ödəniş kartları ilə aparılmış nağdsız əməliyyatlar tarixi maksimuma çatıb – Mərkəzi Bank
2020-ci il üzrə elektron bankçılıq vasitəsilə cari hesablardan aparılmış müştəri köçürmələrinin həcmi (95.7 mlrd. manat), eyni zamanda ödəniş kartları ilə ölkə daxilində həyata keçirilmiş nağdsız əməliyyatların həcmi (6.4 mlrd. manat) tarixi maksimuma çatıb.
Mərkəzi Bankdan Valyuta.az-a daxil olan məlumata görə, qurum tərəfindən nağdsız ödənişlərin inkişafı istiqamətində müsbət trendin qorunması, ödəniş bazarına innovativ xidmətlər təklif edən FinTexlərin cəlb edilməsi, yaşayış yerindən asılı olmayaraq ölkəmizin istənilən ərazisində əhali və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanının artırılması, habelə rəqəmsal ödəniş xidmətlərindən istifadənin genişləndirilməsi məqsədilə növbəti strateji dövrün mühüm prioritet istiqamətləri müəyyən edilib.
AMB tərəfindən ödəniş təşkilatları, elektron pul təşkilatları kimi digər bank olmayan ödəniş xidməti təchizatçıları üzərində tənzimləmə və nəzarətin hüquqi və iqtisadi əsaslarını müəyyən edən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsinə müasir çağırışlara müvafiq olaraq açıq bankçılığın (Open Banking) hüquqi aspektləri və FinTexlərə yeni məhsul və xidmətləri təklif etməyə imkan verən tənzimləyici test rejiminin (Sandbox) tətbiqi üzrə müddəalar daxil edilib.
Qanun layihəsi ödəniş bazarında innovasiya və səmərəliliyi dəstəkləməklə yanaşı, ödəniş xidməti təchizatçıları üçün əlverişli bazar şəraiti yaratmaqla yüksək rəqabətliliyin formalaşmasına imkan verəcəkdir. Hazırda Qanun layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Qurum ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidi, keyfiyyəti və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün bank sektoru və aidiyyəti dövlət qurumları ilə birgə qarşılıqlı fəaliyyətini davam etdirməkdədir.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay