Şirkətlər "Expressbank”dan 18 milyon manatdan çox depoziti geri çəkib
"Expressbank” ASC 2024-cü il üzrə 11,24 milyon manat xalis mənfəət əldə edib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 6% və ya 778 min manat azdır. Bank 2023-cü ili 12,02 milyon manat mənfəətlə bitirmişdi.
Buna baxmayaraq bank ötən ili 20,47 milyon manat əməliyyat mənfəəti ilə bitirib ki, bu da 2023-cü ilə nisbətən 10,4% və ya 1,93 milyon manat çoxdur.
Əməliyyat mənfəətinin artmasına baxmayaraq xalis mənfəətin azalması bankın mümkün zərərlər üzrə ehtiyat aktivləri birdən-birə 2,4 dəfəyə yaxın artıraraq 6,36 milyon manata çatdırması ilə bağlıdır. Ötən ilin eyni dövründə bu rəqəm 2,67 milyon manat olub. Adətən, banklar bu addımı kredit risklərinin artmasını nəzərə alaraq atırlar.
Bu il yanvarın 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 10,7% artaraq 620,16 milyon manata, cəmi öhdəlikləri 11,8% artaraq 481,45 milyon manata, cəmi kapitalı isə 7% artaraq 138,7 milyon manata yüksəlib.
Bankın kredit portfeli 90 milyon manat civarında artaraq 493,4 milyon manata çatıb. Depozit portfeli isə 230,4 milyon manatdan 262,1 milyon manata yüksəlib. Bu isə daha çox fiziki şəxslərə aid əmanətlərin artması hesabına baş verib. Şirkətlər isə ötən bir ildə bankdan 18,5 milyon manat əmanətini geri çəkib. Nəticədə bankda hüquqi şəxslərin depozit portfeli 78,3 milyon manatdan 59,77 milyon manata enib.
Qeyd edək ki, Seyidov Hafiz Mirzağa oğlu bankın səhmlərinin 19,98%-nə, onun qanuni təmsilçisi olduğu “Azenco Group” MMC isə səhmlərin 48,78%-nə, “Enerqoservis” MMC səhmlərin 30,85%-nə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə səhmlərin 0,38%-nə sahibdir. Mediayada yayılan məlumatlarda “Expressbank”ın, həmçinin onun əsas səhmdarı “Azenco Group”un "Azərenerji"nin sabiq prezidenti Etibar Pirverdiyevə aid olduğu bildirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay