“Azər-Türk Bank”ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ
“Azər-Türk Bank”ın rəhbərliyi 2024-cü ilin ilk altı ayında 736 min manat gəlir əldə edib.
Valyuta.az xəbər verir ki, bank 2023-cü ilin ilk yarısı üzrə müvafiq rəqəmləri açıqlamadığı üçün müqayisə aparmaq mümkün olmayıb. Bununla belə, 2023-cü il üzrə ATB rəhbərliyinin gəlirlərinin 1 milyon 18 min manat təşkil etdiyi məlumdur.
Bankın rəhbərliyinin gəlirlərinin ümumi işçi heyətinə ödənişlərdə çəkisi isə 5,4 % təşkil edib. Belə ki, ATB işçilərinə 2024-cü ilin yanvar-iyun aylarında 13 milyon 649 min manat ödəniş edib.
Bu məbləğə bankın İdarə Heyəti və Müşahidə Şurasına daxil olan şəxslərin sosial ödəmələri və əməkhaqları daxildir. Belə ki, sözügedən ödəmələrin 145 min manatı sosial ödəmələrə yönəldilib. Ödənişlərin 591 min manatını isə əməkhaqları təşkil edib.
Hazırda bankın rəhbərliyində 8 nəfər təmsil olunur. Bura bankın Müşahidə Şurasının sədri Ruslan Əlixanov, MŞ-nin iki üzvü- Günel Nəbiyeva və Pərvin Manafov, İdarə Heyətinin sədri Orxan Hüseynov, İH-nin üzvləri İslam Musayev, Orxan Qədirbəy, Araz Gəncəli və Emil Ələkbərov daxildir.
Bu isə o deməkdir ki, 2024-cü ilin ilk yarısında bank rəhbərliyində təmsil olunan hər bir şəxsin ortalama gəliri 92 min manat təşkil edib.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay