AMB “Açıq bankçılıq” üzrə təsdiq olunmuş tələblərə dair açıqlama yayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) qurumun İdarə Heyətininin 10 dekabr 2024-cü il tarixli qərarı ilə “Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblər”i şərh edib.
Valyuta.az-ın məlumatına görə, AMB-nin açıqlamasında deyilir ki, qərar dekabrın 21-dən qüvvəyə minib.
Tələblər “Açıq bankçılıq” yanaşmasının tətbiqi məqsədilə təsdiqlənib. Belə ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 62.7-ci maddəsinə əsasən AMB-yə operator və ödəniş sistemi iştirakçıları, habelə ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanallarının standartlaşdırılmış, təhlükəsiz və etibarlı fəaliyyətinin təşkil olunması məqsədilə tələblər müəyyən etmək hüququ verilib. Bununla da maliyyə bazarında “Açıq bankçılıq” yanaşmasının tətbiqi mümkün olub.
Tələblərdə ödəniş hesabına giriş interfeysi üzrə dəstəklənən xidmətlər, interfeys iştirakçılarının fəaliyyətləri və interfeysin istifadə halları əhatə olunub. İnterfeysdən istifadə hallarına ödəniş hesabı üzrə məlumat, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik və açıq məlumat xidmətləri daxil edilib.
Qəbul olunmuş tələblər ölkəmizin maliyyə bazarlarında innovativ xidmət və məhsulların yaradılması, bununla da maliyyə bazarlarında xidmətlərin əlçatanlığının və səmərəliliyinin artırılması, ölkədə rəqəmsal bankçılıq və maliyyə texnologiyaları üzrə xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərinin daha müasir müstəvidə qurulması və nəzarət subyektləri arasında tənzimləmə mühitinin qorunmasına xidmət edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay