Şirkətlər bu il “Expressbank”dan 31 milyondan çox depoziti geri çəkib
“Expressbank” 2024-cü ilin III rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
Valyuta.az banka istinadən xəbər verir ki, bu il oktyabrın 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 2,4 % artaraq 573,7 milyon manata, cəmi öhdəlikləri 1,6 % artaraq 437,3 milyon manata, cəmi kapitalı isə 5 % artaraq 136,3 milyon manata yüksəlib.
Hesabat dövründə hüquqi şəxslərin (şirkətlərin) depozitləri ilin əvvəli ilə müqayisədə 40 % və ya 31,3 milyon manat azalaraq 46,98 milyon manata enib. İlin əvvəlində bu rəqəm 78,3 milyon manata bərabər olub.
Bunun əvvəzində fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 24,6 % və ya 37,4 milyon manat artaraq 189,5 milyon manata çatıb. Bu isə bankın ümumi depozit portfelində azalmanı kompensasiya edib. Beləliklə, bankın ümumi depozit portfeli cari ilin 9 ayında 2,7 % və ya 6,1 milyon manat artaraq 236,5 milyon manata yüksəlib.
Xatırladaq ki, "Express Bank" 1992-ci ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,85 %-i “Enerqoservis” MMC-yə, 19,98 %-i Hafiz Seyidova, 0,3 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay