Bank sektorunun son göstəriciləri açıqlanıb
31 avqust 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 481, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,125 olub.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat ayında bank sektorunda çalışanların sayı 0.8% və ya 201 nəfər artaraq 24,523 nəfər təşkil edib. Fəaliyyətdə olan bankların cəmi aktivləri 49,567.7 mln. manat, cəmi öhdəlikləri 43,256 mln. manat, balans kapitalı 6,311.7 mln. manat olub.
Avqust ayında bankların aktivləri, öhdəlikləri və balans kapitalı müvafiq olaraq 1% (478.5 mln. manat), 0.9% (381.8 mln. manat) və 1.6% (96.7 mln. manat) artıb. Kredit portfelinin artımı cari ilin avqust ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 1.5% və ya 380.9 mln. manat artaraq 26,075.6 mln. manat olub.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.7% (13,999.8 mln. manat)
ıı) istehlak kreditləri – 30.6% (7,978.8 mln. manat)
ııı) ipoteka kreditləri – 15.7% (4,097 mln. manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.7 faiz bəndi azalaraq 1.7% təşkil edib. Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir - cəmi öhdəliklərin 80.9%-i və ya 35,003.9 mln. manat. Depozit portfelinin 60.3%-i (21,112.1 mln. manat) hüquqi şəxslərin, 39.7%-i (13,891.8 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 65.6%-i (9,110.2 mln. manat) milli valyutada, 34.4%-i (4,781.7 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.1%-i (8,215.5 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri avqust ayında 1.8% və ya 147.8 mln. manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 15,830.8 mln. manat (ay ərzində artım 2.9% və ya 439.3 mln. manat) olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75%-ni təşkil edib. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması avqust ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalaraq 33.9% təşkil edib.
2024-cü ilin yanvar – avqust aylarında banklar tərəfindən 772.3 mln. manat xalis mənfəət, 1,148.2 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib (ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 6.6% və 7.9% daha çox). Cari ilin 8 ayında banklar tərəfindən ümumilikdə 175.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib.
Monetar sektor
Cari ilin avqust ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 10.1% artaraq 35,273.4 mln. manat təşkil edib. Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 58.6 mln. manat azalaraq 2,539.5 mln. manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 227 min ədəd artaraq 18 milyon 567 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.5% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19.6%, kredit kartları üzrə 10.9% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artıb. 2024-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,812 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,738 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,069 mln. manatı POS-terminallar, 4.1 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.1%-ni təşkil edib.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 3%, POS-terminalların sayı 24.4% artmışdır.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay