ABM "Azərsığorta"nın kapital çatışmazlığı məsələsinə aydınlıq gətirdi
Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərsığorta" ASC-nin kapital çatışmazlığı məsələsinə aydınlıq gətirib.
AMB-dən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, dövlət mülkiyyətli şirkət olduğundan onun hazırda kapital məsələsinə qanunvericilik çərçivəsində müvafiq dövlət instansiyaları tərəfindən baxılmaqdadır.
Qeyd edilib ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 26.1.2-ci maddəsinə əsasən sığortaçının qiymətli kağızlarının buraxılması, sığortaçının kapitalının artırılması və azaldılması Səhmdarların Ümumi Yığıncağının səlahiyyətindədir. Mülki Məcəllənin 107.1.5-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin yenidən təşkili və ləğvi haqqında qərarların qəbul edilməsi Səhmdarların Ümumi Yığıncağının müstəsna səlahiyyətidir.
"“Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında 16 iyul 2022-ci il tarixli 1751 nömrəli Fərman sözügedən sığorta şirkətinin idarəedilməsi ilə bağlı səlahiyyət bölgüsünü tənzimləyir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən "Azərsığorta"nın yenidən təşkili və ləğvi ilə bağlı Səhmdarların Ümumi Yığıncağının səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə həvalə edilib. Fərmanın 3.2.1-ci yarımbəndinə əsasən isə Azərsığortanın qiymətli kağızlarının buraxılması, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi və mənfəətin və zərərin bölüşdürülməsi barədə qərar qəbul edilməsi ilə bağlı Səhmdarların Ümumi Yığıncağının səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə həvalə edilib" - deyə Mərkəzi Bankdan əlavə edilib.
Xatırladaq ki, dövlət sığorta şirkəti olan "Azərsığorta" ASC 2022-ci ili 10,5 milyon manat xalis zərərlə başa vurub. Bu isə sığorta şirkətində 7,2 milyon manat kapital çatışmazlığı yaradıb. Azərbaycan Mərkəzi Bankının son dövrlər maliyyə təşkilatlarında kapital məsələlərinə həssaslıqla yanaşması bu baxımdan "Azərsığorta"nın da maliyyə durumunu gündəmə gətirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay