AMB-nin baş direktoru agentlərin sığorta şirkətləri ilə bağlı şikayətlərinə cavab verdi
Azərbaycan Mərkəzi Bankı (AMB) icbari avtosığorta üzrə komisyon haqqların tamamilə dayandırması ilə bağlı agentlərin şikayətlərinə cavab verib.
APA-nın əldə etdiyi məlumata görə, AMB-nin baş direktoru Ziya Əliyev sığorta agentlərinin müraciətinə cavab olaraq bildirib ki, sığorta məhsullarının satışı üzrə xidmətlərinə görə sığorta vasitəçilərinə ödənilən komisyon muzdlar bazar prinsiplərinə uyğun olaraq sığortaçı ilə sığorta vasitəçiləri arasında sərbəst razılaşma yolu ilə bağlanan müqavilə əsasında formalaşır. Qanun çərçivəsində bağlanan müqavilə şərtlərinin formalaşdırılmasında tərəflər sərtbəstdirlər.
O qeyd edib ki, sığorta bazarının mühüm iştirakçılarından biri olan sığorta vasitəçiləri institutunun təkmilləşdirilməsi Mərkəzi Bankın sığorta sektorunun inkişaf strategiyasının hədəflərindən birini təşkil edir: " Sığorta vasitəçilərinin, o cümlədən sığorta agentlərinin sığorta bazarının genişlənməsində rolunun gücləndirilməsi məqsədilə onların sığorta sahəsində müasir bilik və bacarıqlarının inkişafı Mərkəzi Bankın prioritet istiqamətlərindən biridir. Son 3 il ərzində Mərkəzi Bank tərəfindən 111 sığorta vasitəçisinə, o cümlədən 97 sığorta agentinə müvafiq lisenziya verilmişdir. Həmçinin, sığorta vasitəçilərinin bazarda rolunun daha ətraflı qiymətləndirilməsi imkanının yaradılması məqsədilə onların Mərkəzi Banka təqdim etdiyi hesabat formaları təkmilləşdirilib. Sığorta xidmətlərinin satışını həyata keçirən mütəxəssislər üçün sığorta sahəsində müasir bilik və bacarıqlara yiyələnməsi məqsədilə Mərkəzi Bank tərəfindən intensiv tədris, inkişaf proqramları işlənilməkdədir və yaxın gələcəkdə də həmin proqramların mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulub. Sığorta vasitəçiləri sığorta xidmətlərinin əlçatanlığının təmin olunması, əhalinin və biznes nümayəndələrinin sığorta savadlığının yüksəlməsi, bütövlükdə sığorta bazarının iqtisadiyyatda nüfuzetmə göstəricisinin dərinləşməsi baxımından mühüm rola malikdirlər".
Ziya Əliyev bildirib ki, sığorta bazarının peşəkar iştirakçıları kimi sığorta vasitəçilərinin də bazarın dinamik dəyişən şərtlərinə, xüsusilə rəqəmsal texnologiyaların sürətli tətbiqi şəraitində sürətlə yenilənən bazar imkanlarına və biznes çağırışlarına çevik uyğunlaşmaları vacibdir. "Hazırda sığorta bazarının genişlənməsi potensialının reallaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən həyata keçirilən strategiya sığorta vasitəçilərinin inkişafı üçün də yeni imkanlar yaradacaqdır"- AMB-nin baş direktoru əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay