"Avtomobil bazarını dirçəltməyin vaxtı çatıb" - Ekspert
"Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana 100 112,59 min ABŞ dolları dəyərində 9 437 avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 18,5% və 18,3% azdır. Bu rəqəmlər ciddi düşünmək üçün əsas yaradır".
Bu fikirlər Ukrayna Ticarət Evinin baş direktoru, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadəyə məxsusdur.
İqtisadçı bildirib ki, istənilən ölkədə avtomobil bazarı ilə ümumi iqtisadi aktivliyin arasında qarşılıqlı əlaqə var:
"Bir tərəfdən baxanda, ümumi aktivlik aşağıdırsa, əhalinin gəlirləri azalıbsa, avtomobil bazarının da zəifləməsi məntiqlidir. Yanvar-fevralda isə əhalinin nominal gəlirləri 4,2% azalıb. Amma digər tərəfdən, əks əlaqə də var: Ölkədə bankların fəaliyyətini dirçəltmək, iqtisadi aktivliyi bərpa etmək üçün avtomobil bazarı yaxşı impuls verə bilər. Yəni bu bazardakı passivlik də ümumilikdə iqtisadiyyata buxov vurur".
Ekspert xatırladıb ki, Nazirlər Kabineti artıq elektriklə işləyən avtomobillərin idxalına tətbiq edilən rüsumların minimal həddə qədər azaldılacağını bəyan edib. Bu, yaxşı olsa da, kifayət deyil: "Düşünürük ki, yanacaqla işləyən avtomobillərin də ölkəyə gətirilməsi şərtləri yüngülləşdirilməlidir. Bu, birincisi, avtomobil bazarını dirçəltməklə, ölkədə ümumi iqtisadi fəallığa təkan verəcək. İkincisi, qəribədir ki, DGK rəhbərliyi özü ölkədə avtomobil parkının köhnəldiyini desə də, bunun qarşısını almaq üçün heç nə eləmir. Üçüncüsü, bu gün elə vəziyyət yaranıb ki, yeni avtomobil almaq fikri artıq insanlarda psixoloji müqavimətlə də üzləşir: Məsələn, 30 min manata başa gələn avtomobilin qiymətinin yarısından çoxu müxtəlif rüsumlardan ibarətdirsə, belə çıxır ki, alıcı real əmlaka yox, qiymətli, amma dəyərsiz əşyaya pul xərcləyir. Bu isə yeni maşın almaq həvəsini öldürür. Nəticədə biz havanı korlayan, tez-tez xarab olub, yollarda tıxacları bir az da artıran nasaz avtomobillər şəhərində yaşamalı oluruq".
Professor xatırladıb ki, bütün bunlar avtomobil bazarının təkcə iqtisadi yox, həm də mühüm sosial əhəmiyyət daşıyan bir seqment olduğunu təsdiqləyir. Digər tərəfdən, avtomobil elə əmtəədir ki, əksər insanlar onu məhz kreditlə alırlar. Kredit şərtlərinin son dərəcə əlverişsiz olması da həmçinin, avtomobil bazarını digər tərəfdən sıxır.
- Hazırda postpandemiya dövründə iqtisadiyyatın bərpası aktual məsələlərdən biridir. Bu istiqamətdə görülən tədbirlər sırasında maşın bazarında əvvəlki aktivliyin bərpası həm ölkə iqtisadiyyatına fayda verər, həm də potensial maşın alıcılarını məmnun edərdi. “Əvvəlki” sözünü dəqiqləşdirəsi olsaq, söhbət 2014-cü ilə qədərki dövrdən gedir. Məhz həmin ildən başlayaraq, kreditlər də, rüsumlar da, vergilər də bu bazarı “öldürmək” istiqamətində artım hərəkətinə başlayıb. Hazırda bu siyasətə yenidən baxmaq və dəyişmək üçün əla vaxtdır,- deyə o, fikirlərini yekunlaşdırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay