"Suzuki Motor" şirkətinin əfsanəvi lideri 94 yaşında vəfat edib - "CNN"
Yaponiyanın "Suzuki Motor" şirkətini 40 ildən çox idarə edən və Hindistanı avtomobil bazarında əhəmiyyətli bir mərkəzə çevirən Osamu Suzuki (Osamu Matsuda) 94 yaşında vəfat edib.
Valyuta.Az xəbər verir ki, şirkətin məlumatına görə, o, 25 dekabrda limfoma xəstəliyindən dünyasını dəyişib. Suzuki, şirkətin əsas bazarı olan miniautolar sektorundan kənara çıxmasını təmin edən cəsarətli qərarları ilə tanınırdı.
Yaponiyaya xas olan, 660 cc mühərriklə təchiz edilmiş sərfəli və kiçik avtomobillər vergi güzəştləri ilə üstünlük əldə etsə də, bu avtomobillərin istehsalı yüksək qənaət tələb edirdi. Suzuki isə məhz bu qənaətkarlığı ilə əfsanəvi lider sayılırdı. Məsələn, zavod tavanlarının aşağı salınması ilə kondisioner xərclərini azaldır və hətta yaşlı vaxlarında belə econom sinifdə səyahət edirdi.
Onun şirkətdəki müddətinə dair suallara "ölənə qədər" deyə cavab verməsi məşhur ifadələri arasında idi.
Yüksəliş dövrü və "Suzuki" soyadını alması
Osamu Matsuda olaraq dünyaya gələn Suzuki, Yaponiyada kişi varisi olmayan ailələrdə geniş yayılmış bir ənənəyə əsaslanaraq həyat yoldaşının soyadını qəbul edib.
1958-ci ildə yoldaşının babasının qurduğu şirkətə qoşulan keçmiş bankir, 20 il ərzində şirkətin prezidenti vəzifəsinə yüksəldi.
1970-ci illərdə Suzuki şirkəti çöküşdən xilas etdi. O, "Toyota Motor" şirkətindən yeni emissiya standartlarına uyğun mühərriklər təmin etməyi razılaşdırdı. 1979-cu ildə təqdim edilən "Alto" modeli isə böyük uğur qazanaraq şirkətin mövqeyini gücləndirdi.
Hindistan üçün "xalq avtomobili"
Suzuki, Hindistan avtomobil bazarında böyük risk alaraq, şirkətin bir illik qazancını milli avtomobil istehsalçısı yaratmağa sərf etdi. Bu qərar, onun dünyada bir yerdə birinci olmaq istəyi ilə bağlı idi.
O dövrdə Hindistanda illik avtomobil satışı 40 minə çatmırdı və əsasən köhnəlmiş britaniyalı modellərdən ibarət idi. Hindistan hökuməti "Maruti" şirkətini milliləşdirmiş və onu əlçatan "xalq avtomobili" istehsal etməyə yönəltmişdi. Lakin "Maruti" layihəsi üçün xarici tərəfdaş tapmaq çətinliklərlə üzləşmişdi.
Suzukinin layihəyə təsadüfi cəlb olunması ilə tərəfdaşlıq başladı və 1983-cü ildə təqdim edilən "Maruti 800" modeli dərhal uğur qazandı. Bu gün "Maruti Suzuki" Hindistan avtomobil bazarının təxminən 40%-nə sahibdir.
Digər uğurları və qarşılaşdığı çətinliklər
Suzuki 2009-cu ildə "Volkswagen" ilə milyardlarla dollarlıq tərəfdaşlıq əldə etsə də, bu əməkdaşlıq tezliklə problemlərlə üzləşdi. Tərəflər arasındakı fikir ayrılıqları nəticəsində Suzuki tərəfdaşlığın sona çatdırılmasına nail oldu.
2016-cı ildə o, baş direktor vəzifəsini oğlu Toşihiro Suzukiyə təhvil verdi və 91 yaşına qədər idarə heyətinin sədri olaraq qaldı. Şirkət son illərdə "Toyota Motor" ilə əməkdaşlığı dərinləşdirib və gələn ildən "Maruti Suzuki" üçün elektrik avtomobilləri istehsal edəcək.
"Toyota"nın rəhbəri Akio Toyoda, Suzuki-ni "miniautoların öncüsü" kimi xatırlayaraq, onun yapon xalq avtomobilini inkişaf etdirdiyini vurğulayıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay