"Xiaomi"-nin SU7 modeli sürət rekordunu yenilədi
Çinin "Xiaomi" şirkəti, Almaniyanın məşhur Nürburqrinq trasında rekord sürət göstəricisi ilə dövrə vuran yeni elektrikli avtomobil prototipini təqdim edib.
Valyuta.Az-ın verdiyi xəbərə görə, şirkət, bu nailiyyəti bu gün - yeni elektrikli avtomobil modelinin təqdimat mərasimindən bir neçə saat əvvəl açıqlayıb.
"Xiaomi"-nin baş icraçı direktoru Lei Jun, Çin sosial media platforması Weibo-da SU7 Ultra prototipinin Nürburqrinq dövrəsini 6 dəqiqə 46,874 saniyəyə tamamladığını və bunun trasda ən sürətli dörd qapılı avtomobil kimi tarixə keçdiyini bildirib.
Uzunluğu 20,8 kilometr olan Nürburqrinq, 1927-ci ildən bəri avtomobil sənayesinin ən çətin sınaq meydanı kimi tanınır.
"Avtomobil sənayesinə yeni daxil olan bir şirkət olaraq, "Xiaomi" Nürburqrinq çətinliyini ilk avtomobili ilə qəbul edərək böyük qətiyyət və cəsarət nümayiş etdirdi," deyə Lei vurğulayıb.
Elektrik motorları benzinlə işləyən avtomobillərin sürətlənmə göstəricilərini üstələyə bilir və Tesla-nın nümunəsi ilə Çinli EV istehsalçıları yüksək performanslı modellər istehsal edərək texnologiya və yenilik qabiliyyətlərini sübut etmək üçün rəqabət aparır.
"Tesla" Model S Plaid modeli 2023-cü ildə Nürburqrinq Nordşleife dövrəsini 7 dəqiqə 25,231 saniyəyə tamamlasa da, "Xiaomi"-nin rəqibi "Nio" 2017-ci ildə ET9 modeli ilə rekord müəyyən etmişdi.
Əsas fəaliyyət sahəsi smartfon istehsalı olan Çinli texnologiya nəhəngi "Xiaomi", bu ilin mart ayında SU7 seriyası ilə elektrikli avtomobil bazarına daxil olub və "Tesla"ya birbaşa rəqib kimi mövqelənib.
Şirkət, iyul ayında Lei Jun-un illik çıxışı zamanı SU7 Ultra prototipini təqdim edərək, "Porsche" kimi mötəbər brendlərin üstünlük təşkil etdiyi yüksək performanslı elektrik avtomobil seqmentinə daxil olduğunu elan edib.
Üç motorlu tam ötürücülü sistemə malik olan Ultra variantı 1,548 PS (1,140 kW) gücündədir və 0-dan 100 km/saata (62 mil/saat) cəmi 1,97 saniyəyə sürətlənə və maksimum 350 km/saata çata bilir.
"Tesla", Model S Plaid-in 0-dan 60 mil/saat sürətə 1,99 saniyəyə çata biləcəyini bildirir, Lucid isə Sapphire modelinin bunu 1,89 saniyəyə edə bildiyini iddia edir.
"Xiaomi"-nin Nürburqrinqdə rekord dövrəsi 28 oktyabr tarixində yağış səbəbilə komandanın əvvəlki cəhddən imtina etməsindən sonra əldə edilib.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay