Elektromobil sevgisi şarj stansiyalarının sayı ilə tərs mütənasibdir - hansı yeniliklər gözlənilir?
Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da elektromobillərə olan maraq yüksələn xətt üzrə hərəkət edir.
Oxu.Az xəbər verir ki, ölkəyə idxal olunan elektromobillərin sayında müşahidə olunan artım bunu deməyə əsas verir.
Dövlət Gömrük Komitəsinin hesabatında göstərilir ki, cari ilin dörd ayı ərzində ölkəyə 1 012 ədəd elektromobil gətirilib. Ötən ilin eyni dövründə isə bu rəqəm 568 ədəd olub. Göründüyü kimi bir il ərzində elektromobillərin sayında 444 ədəd və ya 45.26 faiz artım baş verib.
Elektromobillərin sayının artması, təbii olaraq, onların hərəkətini problemsiz təmin edəcək şarj stansiyalarının sayının artırılmasını tələb edir.
Qeyd edək ki, 2024-cü ilin mart ayında Prezident İlham Əliyev ölkədə elektromobillərdən istifadənin təşviqi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncamla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, "Azərenerji" ASC və "Azərişıq" ASC-nin təklifləri əsasında hökumətə bir ay ərzində elektrik şarj stansiyalarının yerləşdirilməsi və quraşdırılması yerlərini müəyyən etmək tapşırılıb.
Ölkə başçısının sərəncamından sonra hansı işlərin görülməsi ilə maraqlandıq.
Oxu.Az-a "Azərişıq" ASC-dən verilən məlumatda göstərilir ki, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamına əsasən, paytaxtda və regionlarda enerjidoldurma məntəqələrinin quraşdırılması işləri davam edir.
"Cari ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və Bakı şəhərində keçiriləcək COP29 ərəfəsində paytaxtda və regionlarda enerjidoldurma məntəqələrinin zəruri infrastrukturu yaradılır, həmin məntəqələr dayanıqlı elektrik enerjisi ilə təchiz edilir.
Bakıda 4 məntəqədə - "İçərişəhər", "Yasamal 120" yarımstansiyalarının ərazisində, Tədris və İnnovasiylar Mərkəzində, Xəzər rayonu, Buzovna qəsəbəsində enerjidoldurma cihazları quraşdırılaraq istismara hazır vəziyyətə gətirilib.
Bakıda daha 12 nöqtədə isə - Nərimanov rayonunda Atatürk parkı, metronun "Gənclik" stansiyası, Aşıq Molla Cümə küçəsində, 215 saylı yarımstansiyanın yaxınlığında, Səbail rayonunda Nizami küçəsində və Ağ Şəhər bulvarı dairəsində, Maştağa elektrik şəbəkəsinin ərazisində yerləşən 110/35 kV-luq "Sea Breeze" yarımstansiyasında və "Sea Breeze" yaşayış kompleksinin parkinq ərazisində, Xətaidə "Ağ şəhər-1" və "Ağ şəhər-2" yarımstansiyalarının ərazisində, Xəzər rayonunda Qala-Mərdəkan yolunun üzərində, Nəsimidə "Dağlıq" yarımstansiyasında, Nizami rayonunda Qara Qarayev küçəsində enerjidoldurma məntəqələri quraşdırılıb və hazırda son tamamlanma işləri həyata keçirilir.
Paytaxtla yanaşı regionlarda - Yevlaxda, Salyanda, Qəbələnin Hacıallı kəndində, Qarabağ və Şərqi Zəngəzurda isə Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd, Xocalıda da enerjidoldurma məntəqələri quraşdırılıb.
Elektromobilləri şarj etmək üçün istifadə olunan bu qurğular yaşıl enerji ilə dəstəkləndiyi üçün ətraf mühitin qorunmasında mühüm rol oynayır.
Həmçinin "Azərişıq" ASC tərəfindən quraşdırılan yüksək gücə malik sürətli, sabit cərəyanlı məntəqələrdə elektromobillər qısa vaxtda, keyfiyyətli elektrik enerjisi ilə doldurulur.
Qeyd edək ki, cari il üçün ölkə ərazisində 147 nöqtədə enerjidoldurma məntəqələrinin quraşdırılması nəzərdə tutulub. Bunlardan 69-u paytaxtın, 58-i regionların, 20-si isə Qarabağ və Şərqi Zəngəzurun payına düşür", - deyə məlumatda bildirilir.
Bəs ölkədə mövcud enerjidoldurma aparatlarının sayı ilə bağlı ekspertlər nə düşünürlər?
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Oxu.Az-a açıqlamasında özəl sektorun da bu məsələyə diqqət göstərməsinin vacib olmasını vurğulayıb:
"COP29 ərəfəsində ölkədə ümumilikdə 344 ədəd məntəqənin quraşdırılacağı bildirilirdi. Bakının özündə bir çoxları artıq quraşdırılıb və ümid edirəm ki, noyabr ayından etibarən artıq istənilən bölgəyə rahat şəkildə səfər edə biləcəyik.
Düzdür, indi də elektromobillərlə bölgələrə getmək olur, amma məntəqə qıtlığı hiss olunmaqdadır. Hesab edirəm ki, artıq noyabr ayından sonra infrastruktur daha da geniş ərazini əhatə edəcək və biz bölgələrimizə səfərlər zamanı rahat şəkildə, növbə gözləmədən avtomobillərimizi şarj edə biləcəyik. Amma biz hər şeyi də dövlətin boynuna atmalı deyilik.
Bölgələrə gedən yollarda restoranlarda, hotellərdə, əyləncə mərkəzlərində və digər əyləncə mərkəzlərində şarj aparatlarının quraşdırılması üçün özəl sektor da maraq göstərsə, öz obyektlərinin ərazisində məntəqələrin qurulmasında maraqlı olsalar, daha yaxşı olar. Bu, həm həmin iaşə müəssisələrində xidmətin keyfiyyətinə təsir göstərər, həm də elektromobil sahibləri rahat şəkildə bölgələrə səfər edərlər".
Fikirlərini Oxu.Az-la bölüşən nəqliyyat eksperti Yasin Mustafayev isə hesab edir ki, dövlətin dəstəyi olmadan özəl təşkilatlar və ya iaşə məntəqələri bunu edə bilməzlər.
"Doğrudur, elektromobillərdən istifadənin təşviqi ilə bağlı ölkə başçısı müvafiq sərəncam imzalayıb və müxtəlif yerlərdə artıq bu işlər həyata keçirilir.
Qeyd etmək istərdim ki, bu məsələdə əsas problem, şarj başlıqlarının elektromobillərə uyğunluq məsələsidir. Yəni elektromobillərin şarj yerləri ilə bağlı ciddi çətinlik var, kifayət etmir.
Biz bilirik ki, bu başlıqların Avropa və Çin tipi var. Bizdə əvvəl quraşdırılan başlıqlar hamısı Avropa standartına uyğun idi. Amma elektromobillər əsasən Çindən gəldiyi üçün bu başlıqlar onlara uyğun gəlmir ki, bu da elə yoxa bərabərdir.
Düzdür, bir çox məntəqələrdə artıq başlıqlara çeviricilər əlavə ediblər və ölkənin bir çox yerində artıq bu şəbəkə qurulmağa başlayıb. Amma bu gün üçün bu stansiyaların sayı azdır və nəzərə alsaq ki, vətəndaşlar artıq plagin-hibrid və elektrikli avtomobillərə daha çox üstünlük verirlər, bu zaman yükləmə nöqtələrinin sayının çoxalmasına ciddi ehtiyac var.
Bu gün yükləmə məntəqələrində növbələrin olduğunu görürük və bu növbələr də bizə əməlli başlı çətinlik yaradır. Yəni bir avtomobilin iki-üç saat şarj etdiyini düşünsək, digərlərinin bu qədər gözləmək məcburiyyəti olduğunu görə bilərik və bu da təbii ki, belə olmamalıdır. Bir məntəqədə bir neçə, hətta ona qədər, avtomobilin enerji yığma imkanı olmalıdır ki, digər avtomobillər növbədə gözləməli olmasınlar.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu avadanlıqlar baha olduğu üçün özəl müəssisələr bunu almaqda çətinlik çəkirlər.
İstər yolüstü restoranlara, istərsə də digər fəaliyyət göstərən iaşə məntəqələrinə 15-25 min manat pul ödəyib şarj aparatı almaq sərf etmir.
Hesab edirəm ki, dövlətin dəstəyi, bu istiqamətdə köməyi olmasa, özəl qurumlar, özəl təşkilatlar, iaşə məntəqələri bunu edə bilməzlər. Bu sahənin inkişaf etməsi, elektrikdoldurma məntəqələrinin sayının çoxalması üçün mütləq mənada dövlətin dəstəyi olmalıdır", - deyə ekspert bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay