"Qərar bazara təsir göstərəcək, avtomobil alarkən əlavə pul ödəməli olacağıq" - Ekspert
"200-300 min civarında nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılacaq".
Valyuta.az-a açıqlamasında bunu nəqliyyat eksperti Elməddin Muradlı nəqliyyat vasitələrinin utilizasiyası haqqının məbləğinin müəyyənləşməsini şərh edərkən deyib.
"Minik maşınları və 8-dən aşağı oturacaq yeri olan avtomobillər üçün 1500 manat verilməsi nəzərdə tutulur. Avtobus, mikroavtobus, yük maşınları üçün də utilizasiya məbləği 1500, 2000 və 3000 manat civarında nəzərdə tutulub. Qərarda xüsusi bölmə var. Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün birdəfəlik ödənişin məbləği müvafiq güzəşt məbləğinin 70 faizi həcmində olacaq. Yəni vətəndaş utilizasiya pulunu nağd şəkildə almaq istəsə, məbləğin cəmi 70 faizi, yəni 1050 manat veriləcək. Verilən 1500 manatlıq çek isə vətəndaşa yerli istehsal olunan avtomobilləri güzəştlə əldə etməyə kömək edəcək.
Təklif etmişdik ki, növbəti mərhələdə gömrük güzəştləri, ƏDV, aksiz vergisi tətbiq edilməklə vətəndaşın xarici ölkədən istehsal ili 10 ili keçməyən birdəfəlik istifadə üçün nəqliyyat vasitəsi gətirə bilməsinə imkan verilsin. Amma təklifimiz nəzərə alınmadı. Düşünürəm ki, 1500 manat məsələsinə bir qədər əl gəzdirməliyik. Bu zaman ehtiyacı olan insanları nəzərə almalıyıq. Hansısa bir formada onlara dəstək olunmalıdır.
Ölkəyə gətirilən avtomobilin istismar müddəti 4-7 il arasındadırsa, 400 manat, 7 ildən 10 ilə qədər olan maşınlar üçün isə 700 manat gömrük rüsumu ödəniləcək. Bu addım avtomobil bazarına təsir göstərəcək. Avtomobil alarkən əlavə pullar ödəməli olacağıq".
Qeyd edək ki, Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği"ni və "Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi”ni təsdiqləyib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay