Dövlət bu maşın sahiblərinə bu güzəştləri edə bilər
Azərbaycanda avtomobil parkı yenilənəcək, istismar müddətini başa vuran avtomobillər isə utilizasiyaya göndəriləcək. Bunun əvəzində vətəndaşlara yeni avtomobillər almaları üçün şərait yaradılacaq.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib.
Nazirlikdən deyilib ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən "Nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi" istiqamətində işlər davam etdirilir:
"Proqram çərçivəsində nəqliyyat vasitələrinin utilizasiyasının tam könüllülük əsasında həyata keçirilməsi, o cümlədən bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlər nəzərdə tutulur.
Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək. Bundan başqa, təsdiqedici sənəd əsasında müəyyən məbləğin birdəfəlik ödəniş kimi alınması imkanı da nəzərdə tutulmuşdur.
Layihə hazırda dövlət qurumları ilə razılaşdırma mərhələsində olduğundan layihənin detalları barədə ətraflı məlumat aidiyyəti normativ sənədlər təsdiq edildikdən sonra veriləcək".
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı maraqlı təkliflərlə çıxış edib. Ekspert AZTV-yə açıqlamasında köhnə avtomobillərini dövlətə təhvil verəcək şəxslərə bu güzəştlərin edilməsini istəyib: "Heç kim könüllü şəkildə avtomobilini təhvil verməyəcək. Çünki heç kim bilmir ki, könüllülük deyiləndə nə nəzərdə tutulur.
Bu məsələdə elə bir mexanizm tapılmalıdır ki, heç bir tərəf narazı qalmasın. Təklif edirəm ki, kreditlə avtomobil alınarkən digərlərin bank 20 faiz tutursa, köhnə maşınını utilizasiyaya verən şəxslərə 10 faizlik kredit ayrılsın.
Həmçinin köhnə avtomobilini dövlətə təhvil verən şəxslərə şərait yaradıla bilər ki, xaricdən gətirdiyi avtomobil üçün ƏDV, idxal rüsumu və ya digər vergilərdən azad edilsin. Belə olan təqdirdə xaricdən 10 min manata avtomobil alan şəxslərə qiymət 20 min manata başa gəlməyəcək. Təbii ki, burda limit olmalıdır və belə bir fürsət yalnız bir dəfə yaradılmalıdır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay