Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi qaydaları təsdiqlənib
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları təsdiq edilib.
Valyuta.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli 544 nömrəli Qərarı Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
İşğaldan azad edilmiş ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, habelə həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli idarə edilməsi dövlətin əsas prioritet istiqamətlərindəndir.
Gələcəkdə torpaq islahatının predmeti ola biləcək və dövlət mülkiyyətində saxlanılacaq həmin torpaqların həcminin müəyyən edilməsi, habelə müvafiq yaşayış məntəqələri salındıqca onların inzibati ərazi sərhədləri daxilində səmərəli parselləşdirilməsi və zəruri infrastrukturla (suvarma, meliorasiya, elektrik və s.) təmin edilməsi hazırda mühüm məsələlərdəndir. Növbəti mərhələdə isə əlverişli və şəffaf sahibkarlıq mühitinin yaradılması məqsədilə torpaqlara investorların cəlb olunması, habelə torpaqların kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrində məskunlaşmış sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Qərarda torpaqların icarəyə verilməsinə dair müraciətlər, icarəyə verilməsinin təşkili, nəzarət və hesabatlılıq mexanizmi öz əksini tapıb.
Eyni zamanda Qərarda torpaqların birillik əkinlər və yonca əkinləri üzrə ilkin olaraq 2 il, çoxillik əkmələr üzrə 5 il müddətinə icarəyə verilməsi nəzərdə tutulmuşdur. Müəyyən edilmiş müddətlərin sonunda isə torpaq sahələrindən icarə müqaviləsinə uyğun istifadə olunduğu müəyyən edildikdə birillik əkinlər və yonca əkinləri üzrə icarəyə verilən torpaqların icarə müddəti 3 il müddətinə, çoxillik əkmələr üzrə icarəyə verilən torpaqların icarə müddəti isə 15 il müddətinə uzadılır.
Həmin torpaqların icarə haqlarına güzəştlər “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən icarə haqqının miqdarına sıfır əmsalı tətbiq edilməklə hesablanması nəzərdə tutulub.
Qərarın qəbulu kənd təsərrüfatı təyinatlı torpaqlardan və su resurslarından səmərəli istifadə edilməklə regionda kənd təsərrüfatının inkişafına töhfə veriləcək, dayanıqlı məskunlaşmanın təmin edilməsinə və məşğulluğun yaradılmasına imkan yaradacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay