Azərbaycan taxıl idxalını azaldıb - xaricdən buğda asılılığımız bitir?
Prosesin sürətlənməsi üçün hökumət növbəti dəstək mexanizmini işə salıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 166,5 milyon dollar dəyərində 759 min ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 33,4 min ton (4,2 faiz) və 44,3 milyon dollar (21 faiz) azdır.
İdxal həcmi ilə yanaşı, dəyərində də azalma var. Belə ki, ötən ilin doqquz ayında Azərbaycana idxal edilən buğdanın hər tonunun orta qiyməti 266 dollar olubsa, bu ilin eyni dövründə bu rəqəm 219 dollara kimi düşüb (orta qiymət təxminən 18 faiz azalıb). Bu azalma qlobal bazarda, xüsusilə də Azərbaycanın indi yeganə idxal bazarı olan Rusiyada qiymətlərin ucuzlaşmasından irəli gəlir. Bu ilin 8 ayında buğda qiymətlərinin ardıcıl azalması fonunda Rusiyanın ixracında artım müşahidə olunmayıb.
Ötən müddətdə Azərbaycanın buğda idxalı bütünlüklə Rusiyadan reallaşıb. 2023-2024-cü il mövsümündə rekord həcmdə buğda istehsalı qeydə alınan Rusiya məhsulunu reallaşdırmaqda böyük çətinliklərlə üzləşib. Ötən mövsümdən qalan 14 milyon tona yaxın qalıq, üstəlik, yeni məhsulun yığımı fonunda ixracın azalması qiymətlərin düşməsinə səbəb olub. Rəsmi məlumata görə, 2024-cü ilin sentyabr ayında Rusiya 5,76 milyon ton əsas taxıl məhsulları ixrac edib ki, bu da 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 25 faiz azdır. Bu zaman buğda ixracı 16 faiz azalaraq 5 milyon 286 min tona düşüb. Hətta dünya bazarında buğdanın qiymətinin artması belə ixracı stimullaşdırmayıb. Belə ki, sentyabr ərzində Fransa buğdasının qiyməti 5,6 faiz, Amerika buğdasının qiyməti 16,8 faiz, Rusiya buğdasının qiyməti 5,2 faiz artıb.
Azərbaycanda illik ərzaqlıq buğda istehlakı 1,3 milyon ton civarında olmaqla, demək olar ki, bütünlüklə idxal hesabına təmin edilir. Lakin maraqlıdır ki, son 3 ildə Azərbaycanda əhali tərəfindən buğda və un məhsullarının istehlakında kəskin azalma var. Belə ki, ölkənin rəsmi ərzaq balansına əsasən əhalinin şəxsi istehlakına yönəldilən buğdanın həcmi 2020-ci ildəki 87 min 244 tondan 2023-cü ildə 29 min 195 tona, un və yarma istehsalına yönəldilən buğdanın həcmi isə 2 milyon 467 min 332 tondan 1 milyon 781 min 673 tona düşüb (azalma 27,8 faiz). Mal-qara və quş yemi üçün buğda istehlakı isə 2020-ci ildəki 501 min 285 tondan 2023-cü ilə 700 min tona qədər artıb.
İstehlakın azalması ildən-ilə qalıq həcminin artmasına səbəb olub. Ötən ildən cari ilə 401,3 min ton buğda ehtiyatı ilə keçmişik.
Rəsmi statistikaya əsasən, 2023-cü ildə ölkədə 1 milyon 833,8 min ton buğda istehsal edilib, məhsuldarlıq 33,8 sentner olub. Bu il üçün Azərbaycanda həm payızlıq, həm də yazlıq buğda əkinlərinin sahəsində azalma diqqəti cəlb edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 598,3 min hektar sahədə payızlıq buğda əkilib ki, bu da əvvəlki illə müqayisədə 9,9 faiz azdır. Bundan əlavə, 2023-cü ildə yazlıq buğda əkinləri 4 799,2 ha olubsa, bu il cəmi 584,3 ha sahədə belə əkin aparılıb.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu il Azərbaycanda 1 milyon 685,7 min ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq 30,9 sentner təşkil edib. Ötən il ölkədə 1 milyon 833,8 min ton buğda yığılıb, məhsuldarlıq 33,8 sentnerə bərabər olub. Beləliklə, bu il buğda yığımı 8 faiz, məhsuldarlıq isə 8,6 faiz azalıb.
2022-ci ildən ölkədə yüksək keyfiyyətli ərzaqlıq buğda istehsalının stimullaşdırılması üçün xüsusi dəstək mexanizmi tətbiq olunur. Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.
Dövlət Ehtiyatları Agentliyinə təhvil verilən buğdanın qiyməti idxal qiyməti nəzərə alınmaqla müəyyənləşdirilir. Azərbaycanda 2024-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 1 ton üçün 400 manat müəyyənləşib. Bu, 2023-cü illə müqayisədə 50 manat və yaxud 11,1 faiz azdır.
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyevin açıqladığı məlumata görə, Azərbaycanda 2022-2023-cü illərdə 28 təsərrüfatla 22,6 min hektar, 2023-2024-cü illərdə isə 26 təsərrüfatla 23,8 min hektar ərazidə ərzaqlıq buğda istehsalına dair müqavilələr bağlanıb: “Prezident İlham Əliyevin imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli fərman ölkədə ərzaqlıq buğdanın istehsalını stimullaşdırmaqla yanaşı, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsini hədəfləyir. Hazırda Azərbaycanda tətbiq edilən pivot suvarma sistemləri 60 min hektar ərazidə istifadə edilir. Bütün kənd təsərrüfatında idarə edilən suvarma sistemləri isə 120 min hektar ərazidə istifadə olunur".
Göründüyü kimi, mexanizmin tətbiq olunmasından 2 il keçsə də, ərzaqlıq buğda istehsalında hər hansı artım qeydə alınmayıb. Əksinə, buğda istehsalı azalmağa başlayıb. Nəzərə alsaq ki, işğaldan azad olunan ərazilərdəki torpaqlar da əkin dövriyyəsinə cəlb olunur, bu azalma heç də adekvat hesab oluna bilməz. Maraqlıdır ki, işğaldan azad olunmuş ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri üçün dənli bitkilərə görə hər hektara cəmi 140 manat, belə sistemlərlə təmin olunmuş sahələr üçün 400 manat subsidiya müəyyənləşdirib. Digər ərazilər üçün subsidiya məbləği müvafiq olaraq 230 və 290 manat nəzərdə tutulur.
Prosesin sürətlənməsi üçün Azərbaycan hökuməti növbəti dəstək mexanizmini işə salıb. Belə ki, iyunun 5-də Nazirlər Kabineti ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydasını təsdiqləyib.
Qaydanın tətbiqi müasir suvarma sisteminin alınmasına özəl bankların vəsaitlərinin cəlb olunasına imkan verəcək. Belə ki, qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 (iki yüz səksən) milyon manat kredit portfeli 168 (yüz altmış səkkiz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir. Qaydaya uyğun olaraq verilən dövlət zəmanəti 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil edilir.
Bu addımın nə qədər effektiv olacağını yəqin ki, ən tez 2 ildən sonra qiymətləndirmək mümkün olacaq. Ona qədərsə Azərbaycan idxal buğdasından asılı olaraq qalacaq.
Sentyabrda dünya bazarında buğda qiymətlərinin artımı qeyə alınıb. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) hesablamalarına əsasən sentyabrda Taxıl Qiymətləri İndeksi orta hesabla 113,5 bənd olub. Bu, avqust göstəricisindən 3,3 bənd (3,0 faiz) yüksək, lakin 2023-cü ilin sentyabr səviyyəsindən 12,8 bənd (10,2 faiz) aşağıdır. Ardıcıl üç ay azaldıqdan sonra sentyabr ayında qlobal buğda qiymətlərinin artmasının əsas səbəbi bəzi əsas ixracatçılarda əlverişsiz hava şəraiti ilə bağlı yaranan narahatlıqlardır. Həddindən artıq rütubətli hava Kanadada məhsul yığımını gecikdirib və Avropa İttifaqında istehsal proqnozlarını əhəmiyyətli dərəcədə azaldıb. Bununla belə, Qara dəniz regionundan rəqabətqabiliyyətli qiymətlərlə təchizat qiymət artımlarını məhdudlaşdırıb.
Qlobal bazarlardakı hərəkətlilik əsas idxal mənbəyimiz olan Rusiyada da buğda qiymətlərinin nisbətən artmasına şərait yaradıb. Bu ilin oktyabr-noyabr aylarında Rusiya buğdasının ixrac qiymətləri bir ton üçün 232-233 dollara çatıb ki, bu da iyulun sonundan bəri maksimumdur. “Rusaqrotrans” analitik mərkəzinin məlumatına görə, bu müddət üzrə Fransa buğdası 4 dollar ucuzlaşaraq bir ton üçün 253 dollara, Rumıniya buğdası da 4 dollar ucuzlaşaraq 243 dollara düşüb, Amerika buğdası isə 2 dollar bahalaşaraq 270 dollar olub.
Bundan əlavə, Rusiyada yeni məhsul üçün qış əkini həddindən artıq quraqlıq üzündən gecikir. Ölkənin cənubunda yağıntılar düşsə də, Mərkəzdə və Volqa bölgəsində yağıntının az olacağı gözlənilir. Fransada isə əks vəziyyət müşahidə olunur, burada həddindən artıq yağıntı səbəbindən oktyabrın 10-na qış sahələrinin cəmi 6 faizində əkin aparılıb. Bi il əvvəl bu göstərici 13 faiz idi. Argentinada pis vəziyyətdə olan buğdanın payı bir həftə əvvəlki 33 faizə nisbətdə 38 faizə yüksəlib, lakin yağıntılarla bağlı vəziyyət yaxşılaşmağa başladığına görə məhsuldarlığın nisbətən sabit qalacağı gözlənilir.
Lakin bu gözləntilərə rəğmən buğda qiymətlərində kəskin artımlar proqnozlaşdırılmır. Belə ki, Dünya Bankının əmtəə bazarları ilə bağlı hesabatına əsasən, 2024-cü ildə 1 ton buğdanın qiyməti 290 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 45 dollar azdır. DB-nin proqnozuna görə, 2025-ci ildə 1 ton buğdanın qiyməti 285 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən 35 dollar azdır. Beləliklə, bankın proqnozuna əsasən, 2024-cü ildə buğdanın qiyməti illik müqayisədə 14,8 faiz , 2025-ci ildə isə 1,7 faiz azalacaq. Bu isə o deməkdir ki, növbəti ildə də dünya bazar konyukturu Azərbaycan kimi buğda təminatında idxaldan asılı ölkələr üçün əlverişli olaraq qalacaq.
© Musavat.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay