Kənd təsərrüfatının xarici toxum sortlarından asılılığını necə azaltmaq olar? (ŞƏRH)
Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının xarici sortlardan asılılıq səviyyəsi yüksəkdir.
Bildirilir ki, 2019-2022-ci illər ərzində “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə qeydiyyata alınan yeni sortların 88,1-93 % intervalında olan hissəsi xarici sortlar olub ki, bu da yerli elmi-tədqiqat institutlarında seleksiya işinin zəif təşkilinin və kənd təsərrüfatı məhsullarının istehsalında xarici sortlardan asılılıq səviyyəsinin nə dərəcədə yüksək olduğunun əsas göstəricilərindəndir.
Azərbaycanda yerli toxum sortlarının yaradılması, xarici sortlardan asılılığı azaltmaq üçün nə etmək olar?
Bununla bağlı Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının seleksiyası zəif formada gedir:
“Kənd təsərrüfatı ilə fundamental elmi qaydada məşğul olan dövlət qurumları var. Bu qurumlar bir tərəfdən yüksək məhsuldarlıqlı yerli sortların yetişdirilməsinə nail ola bilmir, digər tərəfdən isə az-çox yetişdirilmiş toxumları, yerli sortları hibridləşdirilmiş, məhsuldarlığı artırılmış sortları realizasiya edə bilmirlər”.
Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanda seleksiya işlərinin təşkili kənd təsərrüfatı məhsullarının inkişafının genişləndirilməsinin ən vacib hissələrindən biridir:
“Azərbaycan fermeri yerli mütəxəssis və alimlərin yetişdiridiyi kənd təəsrrüfatı məhsulu sortlarına inanmır. Onlar xarici sort toxumlar alırlar. Hər bir ölkənin istehsal etdiyi toxum isə ölkəsinə, havasına, şəraitinə, suyuna, torpağına uyğun hazırlanıb.
Məsələn, biz Kanadadan taxıl toxumu idxal edirik. Orda bu toxumun məhsuldarlığı 70 sentner olursa, Azərbaycanda isə 25-30 sentner olur”.
İqtisadçı bildirib ki, dövlət qurumları ilə bərabər seleksiya ilə məşğul olan özəl sektorun inkişafına xüsusi diqqət ayırılmalıdır:
“Hesab edirəm ki, dövlət tərəfindən maliyyələşdirilən bu işlə məşğul olan qurumların qarşısında tələb qoyulmalıdır.
Çünki özünü maliyyələşdirəcək özəl sektorda bu işlə məşğul olmağa, yeni toxumlar yaratmağa daha çox maraq olacaq. Bundan isə həm fermer, həm özəl sektor, bu işlə məşğul olan alimlər qazanacaq. Bu işi qurmaq lazımdır. İlk mərhələdə isə dövlət dəstəyi lazımdır. Daha sonra dövriyyə yaranandan, kommersiya fəaliyyəti ritmə düşəndən sonra dövlət dəstəyinə ehtiyac olmayacaq. Dövlət daha sonra bu şirkətlərdən vergi alaraq, qoyduğu investisiyasını geri götürəcək”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay