Azərbaycanda şaftalı bağlarının sığortalanmasına başlanılır
Azərbaycanda 10 min hektar ərazidə şaftalı yetişdirilir və bu bağlar sürətlə genişlənir, təkcə 2023-cü ildə ölkədə 1 500 hektara yaxın yeni şaftalı bağı salınıb.
Report Aqrar Sığorta Fonduna (ASF) istinadən xəbər verir ki, ən böyük meyvəçilik zonası olan Quba-Xaçmaz iqtisadi rayonu şaftalı bağlarının sahəsinə görə birinci yerdədir. Belə ki, şaftalı bağlarının 5,8 min hektarı və ya 60 %-ə yaxını Quba-Xaçmazda yerləşir.
Təkcə Xaçmaz rayonunda 3 685 hektar, Qubada 945 hektar, Qusarda 724 hektar ərazidə, Şabranda isə 373 hektar ərazidə şaftalı yetişdirilir. Ölkənin qərb rayonları – Tərtər, Samux, Şəmkir də şaftalı bağlarının məhsuldarlığına görə seçilir, Şəmkirdə 650 hektar, Tərtərdə isə 374 hektar şaftalı bağı var.
Azərbaycanda şaftalı bağlarından ildə 65 min tondan artıq meyvə yığılır və bunun böyük hissəsi ixrac edilir. 2021-ci ildə xaricə 23,4 min ton şaftalı ixrac olunub, bundan 29,2 milyon ABŞ dolları gəlir əldə edilib. 2022-ci ildə ixracın həcmi 26,6 min tona, ondan gəlir isə 32,8 milyon ABŞ dollara yüksəlib.
2023-cü ildə isə Azərbaycanın xaricə ixrac etdiyi təzə şaftalı meyvəsinin həcmi 45,2 min ton olub, bu meyvənin ixracından gəlir 51,4 milyon ABŞ dolları təşkil edib. Başqa sözlə, son 3 ildə Azərbaycan şaftalı ixracından 110 milyon ABŞ dollaradək gəlir əldə edib.
“Şaxtaya və soyuğa həssas olan, peşəkar qulluq, budanma və xüsusi torpaq şəraiti tələb edən şaftalı bağlarının təbiət hadisələrindən, şaxta və donvurmadan, müxtəlif bitki xəstəliklərindən sığortalanması mart ayında həyata keçirilir”, - ASF bildirir.
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində şaftalı bağlarını çoxsaylı risklərdən sığortalamaq mümkündür. Bura təbiət hadisələri, sel-subasma, dolu, qasırğa-fırtına, normadan artıq qar yağıntıları, yanğın, 3-cü şəxslərin hərəkəti və sair risklər aiddir. Bundan başqa, əlavə ödənişlə bağları dolu, keyfiyyət itkisi, şaxtavurma, müxtəlif bitki zərərvericiləri və xəstəliklərdən qorumaq mümkündür. Bu zaman sığorta haqqının 50 %-i dövlət tərəfindən ödənilir, nəticədə fermerlər cüzi ödəniş etməklə şaftalı bağını sığorta edə bilərlər.
Məsələn, Quba-Xaçmaz bölgəsində 1000 manatlıq şaftalı məhsulunun baza zərfi ilə sığorta haqqı 29 manat təşkil edir, fermerlər bunun cəmi 14,5 manatını ödəməklə əkini sığorta edə bilərlər. Həmin bölgədə şaftalı meyvəsini eyni zamanda şaxtavurmadan (donvurmadan) da sığorta etmək üçün fermerin ümumilikdə 24,5 manat ödəməsi kifayət edir.
Mərkəzi Aran regionunda isə 1000 manatlıq şaftalı məhsulunun baza zərfi ilə sığorta edilməsi fermerə cəmi 12,9 manata başa gələcək. Məhsulun həm də şaxtadan sığortalanması üçün isə ümumilikdə 19,3 manat ödəniş tələb olunur.
Bundan başqa, əlavə ödəniş etməklə şaftalı bağını bitki xəstəliklərindən və dolu vurması nəticəsində keyfiyyət itkisindən də sığortalamaq mümkündür. Bu sığorta dolu vurması nəticəsində meyvənin görünüşünün korlanması səbəbindən qiymətinin ucuzlaşmasından dəyən zərəri qarşılayır.
“İsti iqlim şəraitində yetişən şaftalı quraqlığa dözümlü olsa da, soyuğa və şaxtaya ən davamsız ağaclardan sayılır. Şaftalı ağacının ömrü orta hesabla 10-15 ildir. Bu müddət ərzində tez məhsul verməyə başlayır, düzgün qulluq və budanma sayəsində məhsuldarlığı yüksək olur. Həm təzə meyvəsi, həm də emal olunmuş məhsulu, xüsusilə də çəyirdəyindən əldə edilən faydalı yağ bu meyvədən hərtərəfli gəlir qazanmağa imkan verir”, - ASF-ın məlumatında deyilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay