Qaxda yeni fındıq bağlarının 678 hektarı damcı üsulu ilə suvarılır
Son illər Qaxda 3958 hektarda yeni fındıq bağları salınıb. Yeni fındıq bağlarının 678 hektarı damcı üsulu ilə suvarılan intensiv bağlardır. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 10 min 186,9 hektardır. Bu bağların 6228 hektarı barverəndir. Ötən il fındıq bağlarından 5298 ton məhsul tədarük olunub.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov bildirib.
Sektor müdiri qeyd edib ki, fındıqçılıq Qax rayonunun kənd əhalisinin əsas qazanc mənbələrindən biridir. Torpaq mülkiyyətçiləri fındıq istehsalını artırmaq üçün son illər bağlarda aqrotexniki tədbirlərə xüsusi diqqət yetirirlər. Bu da təbiidir. Bol məhsul götürmək üçün bağlara yaxşı qulluq olunmalıdır. Havaların əlverişli keçməsindən istifadə edən qaxlı fermerlər hazırda fındıq bağlarında aqrotexniki tədbirlərə, budama işlərinə başlayıblar. Eyni zamanda, bağlara üzvi və mineral gübrələr verilir, suvarılır.
Onun sözlərinə görə, aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqinə başlanıldıqdan sonra kənd əhalisinin fındıq bağlarının salınmasına marağı artıb. Bu da səbəbsiz deyil. Yeni qaydalara əsasən, fermerlərə ənənəvi fındıq bağlarının hər hektarına görə 250 manat, intensiv bağlara görə isə 730 manat subsidiya verilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay